AZ

Kamal Camalov beynəlxalq konfransda məruzə ilə çıxış edib

18-19 aprel tarixlərində Türkiyənin İzmir şəhərində dünyanın 18 ölkəsinin (Azərbaycan, Albaniya, Rumıniya, Ukrayna, Nigeriya, İtaliya, Slovakiya, Özbəkistan, Hindistan, Pakistan, İndoneziya, Vyetnam, Vyetnam) iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir.

“İki sahil” xəbər verir ki,  konfransda Naxçıvan Müəllimlər İnstitutunun professoru, pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Qızıl Qələm” mükafatı laureatı Kamal Camalov “Peşə, prinsip və insanlıq: Zahid Rzayev portreti” mövzusunda məruzə ilə çıxış etmişdir.

Kamal Camalov öz çıxışında Zahid Rzayevin “Şagirdlərin vətənpərvərlik və mənəvi tərbiyəsində sinifdənxaric işlərin rolu” adlı metodik vəsaitindən, “Oğuz-türk yurdu Qarabağlar” adlı tarixi-publisistik əsərindən, eləcə də “İki sahil” qəzetində şöbə müdiri kimi göstərdiyi peşəkarlıq və analitik fəaliyyətindən ətraflı bəhs etmişdir.

Məruzəçi vurğulamışdır ki, Zahid Asəf oğlu Rzayev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə milli mətbuatın inkişafındakı xidmətlərinə görə 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bu mükafat onun uzun illər ərzində mətbuat sahəsində göstərdiyi səmərəli fəaliyyəti, jurnalistikaya verdiyi töhfələri və milli mətbuatın inkişafına xidmətlərini yüksək dəyərləndirir.

Bundan əlavə, Zahid Rzayev Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə də təltif edilmişdir. Vaxtilə Həsən bəy Zərdabi qeyd edirdi: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”. Zahid Rzayev jurnalistlik fəaliyyətində məhz bu prinsipi rəhbər tutaraq, cəmiyyətin doğru və dolğun məlumatlandırılmasına, ictimai şüurun inkişafına xidmət etmişdir.

Bu mükafatlar Zahid müəllimin mətbuat sahəsindəki dəyərli xidmətlərini, Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələri və onun fəaliyyətinin milli mətbuat tarixində tutduğu mühüm yeri bir daha təsdiqləyir. Sonda Zahid Rzayevə yalnız istedadlı və vətənpərvər jurnalist kimi deyil, həm də cəmiyyətin maariflənməsi və doğru informasiya ilə təmin olunması istiqamətində göstərdiyi ardıcıl fəaliyyətinə görə uğurlar arzulanmışdır.

Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Qızıl Qələm” mükafatı laureatı Kamal Camalov dəyərli və məzmunlu çıxışına görə konfransın sertifikatı ilə təltif olunmuşdur.

Seçilən
17
ikisahil.az

1Mənbələr