“Qarabağ”ın U-16 komandası Niderlandın Deurne şəhərində təşkil olunacaq "U16 Charity Cup" turnirində iştirak edəcək.
Klubdan XQ-yə bildirilib ki, mayın 13-15-də "Deurne Sportpark" İdman Mərkəzində baş tutacaq yarışda Avropanın müxtəlif ölkələrindən 12 komanda mübarizə aparacaq.
C qrupunda mübarizəyə qatılacaq “Qarabağ” Belçikanın "Anderlext", Niderlandın "Ayaks" və turnirin təşkilatçısı "Robinştayn" klubları ilə qarşılaşacaq.
Qrupda ilk iki yeri tutan və ən yaxşı nəticə göstərən iki 3-cü yer sahibi 1/4 final mərhələsinə vəsiqə qazanacaq. İştirakçılar arasında adıçəkilən komandalarla yanaşı, Almaniyanın "Borussiya", Fransanın "Lill" və Belçikanın "Genk" klubları da var.
Qeyd edək ki, “Qarabağ”ın Niderlanda səfər etməzdən əvvəl - mayın 12-də isə İstanbulda "Başakşəhər"in müvafiq yaş qrupu ilə yoldaşlıq oyunu planlaşdırılır.