Bakı, 4 may, AZƏRTAC
Erməni lobbisinin maliyyəsi ilə Azərbaycan əleyhinə kampaniyaların əsas icraçılarından olan Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo və ətrafı özünü ifşa etməkdə davam edir. Belə ki, yayılan videomateriallarda Luis Moreno Okampo açıq şəkildə etiraf edib ki, Azərbaycana qarşı hər zaman qərəzli mövqedə olan Avropa İttifaqı rəsmisi Cozef Borrellə eyni cəbhədə olub. Hətta Ursula Fon der Lyayenə də təsir etmək iqtidarındadır. O, həmçinin COP29 zamanı Erməni Milli Komitəsi ilə sosial media üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedənlərdəndir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd dib ki, sabiq prokuror Luis Moreno Okampo və onun ətrafı uzun müddətdir siyasi sifarişlərin icrası ilə məşğuldurlar. Hətta bu çirkli işlərin icrası üçün özlərinə xüsusi şəbəkə qurublar. Onun ifşa edilən etirafları nəticəsində Avropa idarəçilik sisteminin təsir altında olmasına heç bir şübhə qalmayıb.
“Bu şəbəkə hətta Ermənistanın daxili siyasi proseslərinə yönəlmiş müdaxilə planlarını da gizlətmir. Videomaterialda Nikol Paşinyan hakimiyyətinin devrilməsilə bağlı konkret planların olduğu da bildirilir. Məsələnin maliyyə tərəfinə gəlincə, etirafda Rusiyada fəaliyyət göstərən erməni mənşəli oliqarxların adı hallanır. Luis Moreno Okampo əvvəllər bunu təmənnasız etdiyini də vurğulayıb. Lakin sonradan Beynəlxalq Cinayət Məhkəməsindəki bir işi dəstəkləmək üçün Amerika fondlarının birindən dəstək alıb. Sonra isə davamlı kampaniyanı maliyyələşdirmək üçün Rusiya ermənilərindən ibarət bir qrup fond yaradıb. O, may ayınadək öhdəliyi olduğunu da bildirib. Nəzərə alsaq ki, Ermənistanda seçki kampaniyasının son mərhələsi məhz may ayında yekunlaşır, o zaman müddətin təsadüfən seçilmədiyi aydın olur.
Luis Moreno Okamponun məqsədi Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dəkı erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaqdır. Hər zaman olduğu kimi burada da “insan hüquqları”ndan “soyuq silah” kimi istifadə olunur. Yeri gəlmişkən, bir müddət əvvəl Avropa İttifaqının Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərməsi də bu kampaniyanın tərkib hissəsidir. Bütün faktlar bir daha göstərir ki, Cənubi Qafqazda yeni reallıqları həzm etməyən, sülh prosesini pozmaqda maraqlı olan qərəzli qüvvələr var. Bu qərəzli dairələr rəsmi Bakıya qarşı yeni təsir mexanizmləri hazırlayırlar”, - deyə deputat vurğulayıb.