AZ

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

“Space”in
Xəbər verdiyimiz kimi, Ayaz Mustafayev “Space” televiziyasının baş direktoru vəzifəsinə təyin edilib.
1news.az Ayaz Mustafayev haqqında qısa məlumatı təqdim edir:
MÖVZU İLƏ ƏLAQƏLİ:
“Space” TV-yə yeni rəhbər təyin olundu Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində dünyaya gəlib.
2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə ilə başa vurub.
2010–2011-ci illərdə Malta Universiteti nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr pilləsində oxuyub. Bununla yanaşı, ADA Universitetinin “Advanced Foreign Service Program” proqramının məzunudur.
Peşə fəaliyyətinə 2009-cu ildə başlayan Mustafayev Azərbaycan Xarici İşlər Nazirliyi sistemində, həmçinin Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra fəaliyyətini Böyük Britaniyada İctimai Televiziya və AzTVnin London bürosunda davam etdirib. Bu dövrdə o, media sahəsində əhəmiyyətli beynəlxalq təcrübə əldə edib.
Son iş yeri kimi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifə tutub.
Müxtəlif ölkələrdə təcrübə qazanan Mustafayev peşəkar inkişaf məqsədilə bir sıra beynəlxalq təlim və proqramlarda iştirak edib, müvafiq sertifikatlar əldə edib. Bunlara Young Diplomats Forum (London) və Sinqapur Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan insan resursları və layihələrin idarə olunması üzrə təlimlər daxildir.


Ailəlidir, iki övladı var.
Qeyd edək ki, “Space” televiziyasının əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.
Xatırladaq ki, Ayaz Mustafayevin bu vəzifəyə təyinatı barədə ilkin məlumat “manset.az” saytı tərəfindən yayılıb.

Seçilən
8
3
1news.az

10Mənbələr