Bakı, 4 may, AZƏRTAC
Dövlət məhkəmə ekspertiza idarələrinə daxil olan qərar və qərardadların sayının artması məhkəmə ekspertizalarının aparılmasının prosessual müddətlərinə tam riayət olunmasını mümkünsüz edirdi. Belə ki, son 20 il ərzində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertizaların sayı 3 dəfədən çox artıb, lakin ekspertlərin sayında əhəmiyyətli dəyişiklik olmayıb.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, ədliyyə müşaviri Vüsal Məmmədov deyib.
O qeyd edib ki, hazırda ölkəmizdə qeyri-tibb məhkəmə ekspertizası sahəsində əsas fəaliyyət Ədliyyə Nazirliyi, məhkəmə-tibb ekspertizası sahəsində isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir:“Bundan başqa, ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları, həmçinin Daxili İşlər Nazirliyi, hərbi qulluqçulara və hərbi məhkəmələrin (hərbi prokurorluqların) səlahiyyətlərinə aid edilmiş cinayət işləri və inzibati xətalar haqqında işlər üzrə hərbi qulluqçu olmayan şəxslərə münasibətdə məhkəmə-tibb ekspertizası isə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində dövlət məhkəmə ekspertiza idarələrinin iş yükünün nisbətən azalması və beləliklə, məhkəmə ekspertizası aparılmasının prosessual müddətlərinə tam riayət edilməsi təmin oluna bilər. Ölkəmizdə özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsinin genişlənməsi, məhkəmə ekspertizası xidmətlərinə əlçatanlığın artması və rəqabətli mühit şəraitində məhkəmə ekspertizası sahəsinin daha da inkişaf etməsi çatmaq istədiyimiz əsas hədəflərdəndir”,- deyə rəis müavini qeyd edib.