AZ

“Dəyişikliklər kirayə bazarında hüquqi şəffaflığın artırılmasına xidmət edir” HÜQUQŞÜNAS DANIŞDI

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən son dəyişikliklər kirayə münasibətlərinin daha şəffaf və hüquqi çərçivədə tənzimlənməsinə yönəlib”.

Bu sözləri SİA -ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunacaq:

”İndiyədək bu sahədə tətbiq edilən vergi dərəcəsi 14 faiz idi. Vergi yükünün azaldılması, ilk növbədə, vətəndaşları gəlirlərini rəsmi şəkildə bəyan etməyə təşviq etmək və kölgə iqtisadiyyatının həcmini azaltmaq məqsədi daşıyır.

Bununla yanaşı, vergidən yayınma hallarının qarşısının alınması istiqamətində nəzarət mexanizmləri də gücləndirilir. Ən diqqətçəkən yeniliklərdən biri maliyyə sanksiyalarının artırılmasıdır. 2026-cı ildən etibarən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin təqdim edilməməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək. Halbuki əvvəllər bu cərimə cəmi 40 manat idi. Bu dəyişiklik onu göstərir ki, dövlət artıq qeyri-rəsmi fəaliyyətə qarşı daha sərt mövqe sərgiləyir və hər bir kirayə verənin vergi öhdəliklərini yerinə yetirməsini tələb edir.

Qeyd etmək lazımdır ki, kirayə münasibətlərinin hüquqi baxımdan düzgün tənzimlənməsi yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi ilə məhdudlaşmır. Kirayə müqaviləsinin notarial qaydada təsdiqlənməsi onun hüquqi qüvvəsini artırır və tərəflər arasında yarana biləcək mübahisələrin qarşısını alır. Rəsmi müqavilə həm kirayə verən, həm də kirayəçi üçün hüquqi təminat rolunu oynayır. Məsələn, ödənişlərin gecikdirilməsi, əmlaka ziyan vurulması və ya müqavilə şərtlərinin pozulması kimi hallarda tərəflər öz hüquqlarını daha rahat şəkildə müdafiə edə bilirlər.

Eyni zamanda, kirayə müqaviləsinin düzgün tərtib edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilədə tərəflərin hüquq və vəzifələri, ödəniş qaydası, müddət, məsuliyyət məsələləri və digər vacib məqamlar aydın şəkildə göstərilməlidir. Bu baxımdan hüquqşünaslara müraciət etmək daha məqsədəuyğundur, çünki peşəkar şəkildə hazırlanmış müqavilə gələcəkdə yarana biləcək riskləri minimuma endirir.

Edilən dəyişikliklər həm vergi intizamının gücləndirilməsinə, həm də kirayə bazarında hüquqi şəffaflığın artırılmasına xidmət edir. Vətəndaşların bu yeniliklərə uyğun davranması, yəni rəsmi qeydiyyatdan keçməsi və müqavilə bağlaması həm onların öz maraqlarını qoruyur, həm də ümumi iqtisadi sistemin daha sağlam şəkildə fəaliyyət göstərməsinə töhfə verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sia.az

2Mənbələr