AZ

Belqrad–Bakı aviareysinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi rolunu daha da gücləndirir - ŞƏRH

Bakı, 4 may, AZƏRTAC

Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareysin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, yeni hava xəttinin açılması Azərbaycan ilə Serbiya arasında iqtisadi, ticari və humanitar əlaqələrin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, birbaşa uçuşların təşkili iki ölkə arasında məsafəni yalnız coğrafi baxımdan deyil, həm də iqtisadi və sosial baxımdan daha da yaxınlaşdırır. Bu isə qarşılıqlı əməkdaşlığın daha intensiv və sistemli şəkildə inkişafına şərait yaradır.

“Aviareysin açılması biznes dairələri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, birbaşa uçuşlar logistika xərclərini azaldır, vaxt itkisini minimuma endirir və sahibkarların daha çevik fəaliyyət göstərməsinə imkan yaradır. Bu amillər isə öz növbəsində yeni investisiya layihələrinin reallaşdırılmasını stimullaşdırır, ortaq müəssisələrin yaradılmasını təşviq edir və iqtisadi əməkdaşlığın coğrafiyasını genişləndirir. Turizm sektoru da bu yenilikdən ciddi şəkildə faydalanacaq. Azərbaycan son illər turizm infrastrukturu və xidmət keyfiyyəti baxımından əhəmiyyətli inkişaf yolu keçib və yeni marşrutlar ölkənin bu sahədəki potensialının daha geniş auditoriyaya təqdim olunmasına imkan verir. Birbaşa reyslərin açılması Serbiyadan Azərbaycana turist axınının artmasına, eyni zamanda Azərbaycan vətəndaşlarının Avropa istiqamətində səyahət imkanlarının genişlənməsinə səbəb olacaq. Humanitar və mədəni əlaqələrin gücləndirilməsi baxımından da bu marşrutun xüsusi rolu var. Onun fikrincə, xalqlar arasında birbaşa təmasların artması qarşılıqlı anlaşmanı möhkəmləndirir, mədəniyyətlərarası dialoqu genişləndirir və uzunmüddətli əməkdaşlıq üçün etibarlı zəmin yaradır”, - deyə Aydın Hüseynov qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzinə çevirib. “Bu üstünlükdən maksimum istifadə olunması məqsədilə son illərdə ölkədə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, müasir hava limanları tikilir və mövcud aviasiya şəbəkəsi davamlı olaraq genişləndirilir. Bakı şəhərinin regionun aparıcı hava nəqliyyatı qovşaqlarından birinə çevrilməsi də məhz bu strateji yanaşmanın nəticəsidir. Yeni beynəlxalq marşrutların açılması Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, ölkənin qlobal nəqliyyat dəhlizlərində rolunu daha da gücləndirir. Bu isə təkcə nəqliyyat sektorunun deyil, ümumilikdə milli iqtisadiyyatın inkişafına müsbət təsir göstərir, əlavə gəlir mənbələrinin formalaşmasına şərait yaradır”.

A.Hüseynov vurğulayıb ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan bu gün beynəlxalq nəqliyyat və logistika sahəsində etibarlı tərəfdaş kimi tanınır. Ölkənin iştirak etdiyi beynəlxalq layihələr, yaradılan müasir infrastruktur və genişlənən marşrut şəbəkəsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.

Deputat qeyd edib ki, Belqrad–Bakı aviareysinin açılması təkcə iki ölkə arasında əlaqələrin inkişafına deyil, bütövlükdə regionda əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir. Bu cür təşəbbüslər Azərbaycanın açıq iqtisadi siyasətinin, beynəlxalq tərəfdaşlığa verdiyi önəmin və qlobal inteqrasiyaya yönəlmiş strategiyasının bariz nümunəsidir. Yeni marşrutların istifadəyə verilməsi gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq layihələrinin reallaşdırılmasına zəmin yaradacaq və ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcək.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
17
1
azertag.az

2Mənbələr