AZ

Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?

Qonşu Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi hərarət sürətlə yüksəlir. Təbiidir. Çünki 7 iyun səsverməsi faktiki ölkənin taleyini, daha dəqiqi, onun hansı strateji yolla gedəcəyini dəqiqləşdirməlidir.

“Məni ölkəmiz üçün ölümcül ola biləcək seçkidən sonrakı dövr narahat edir”.

Bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Arminfo:

Suriya doğumlu, 81 yaşlı bu Hələb ermənisi görəsən, nədən narahatdır? Nikol Paşinyanın təzədən baş nazir olmasından, seçkilərdə uduzması ilə revanşistlərin hakimiyyəti ələ almasından, yoxsa ölkədə vətəndaş qarşıdurmasının başlamasından və ya terrordan? Özü açıqlasaydı, işarə vursaydı, bilərdik...

Amma nəzərə alsaq ki, Ter-Petrosyanın vaxtilə eyni partiyada təmsil olunduğu Paşinyana qarşı hazırda antipatiyası var, üstəgəl, Ermənistan daxili siyasi mübarizədə zorakı üsulların ənənə halı aldığı məkan kimi tanınır, o zaman təxmin eləmək çətin deyil. Ancaq eyni zamanda, Ter-Petrosyan yəqin anlayır ki, hakimiyyəti zorla dəyişmək cəhdi də həm onun təşəbbüskarlarına, həm də ictimai-siyasi sabitliyə sarsıdıcı zərbə vura bilər.

Hər necə olmasa, SSRİ dağılandan Ermənistanda hakimiyyət hələ bir dəfə də olsun, seçki yolu ilə dəyişməyib. Ya üsyan, ya da çevriliş yolu ilə reallaşıb. Demokratik idarəçiliyin təməl prinsiplərindən biri isə məhz hakimiyyətin heç olmazsa, bircə dəfə seçki ilə əvəzlənməsi sayılır. Bu xarici siyasətdə vərəsəlik və legitimlik üçün də az önəm daşımır...

Yada salaq ki, Paşinyan revanşistlərin qalib olacağı təqdirdə Ermənistanın uzağı, sentyabrda Azərbaycanla növbəti müharibəyə sürüklənəcəyi barədə cəmiyyəti xəbərdar edib. Səbəb kimi isə bildirib ki, radikal düşərgə Ermənistanın ərazisinin 29.7 min kv km-dən çox olduğunu bəyan edir.

Yəni, Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiası üzərində qurulan ritorika davam edəcək. Təbii ki, Bakı ilə sülh prosesini məntiqi sonluğa çatdırmaq və ötən il paraflanmış sülh sənədini imzalamaqdan da söhbət gedə bilməz...

“Robert Köçəryanın (eks-prezident, Xocalı hərbi canisi – red.) qonşu ölkələrə qarşı ərazi iddiaları müharibəyə səbəb ola bilər”.

Bunu erməni siyasi şərhçi Harutyun Mkrtçyan deyib.

“Radikal müxalifət cəmiyyətin qulaqlarını informasiya zibilliyi ilə doldurur (Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey) Kiriyenkonun buradakı alətləri hibrid müharibənin birbaşa icraçılarına çevriliblər. Amma Ermənistan vətəndaşı iyunun 7-də rusiyapərəst qüvvələrin ağzının dadını qaçıracaq. Hər bir vətəndaş öz səsinin dəyərini bilməlidir” (Teleqraf).

Onun fikrincə, Köçəryanın Ermənistan vətəndaşlarına qarşı şəxsi qisas hissi var, rusiyalı oliqarx Samvel Karapetyan isə Ermənistanı ucuz alıb, baha satmaq istəyir: “Bu, alverçi psixologiyasıdır. Bir balon qazla Ermənistanın müstəqilliyini və suverenliyini, ləyaqətimizi almaq istəyirlər. Bu Rusiya zibilləri ilə gələcək yoxdur”.

Mkrtçyana görə, Ermənistan ərazisinin 29, 743 min kvadrat kilometr olduğunu anlamayan şəxs cahildir, xalqın başına fəlakət, müharibə gətirmək istəyir: “Onlar insanları divar önünə düzüb güllələmək, qisas almaq istəyirlər”.

Xatırladaq ki, az öncə Köçəryan iddia etmişdi ki, Ermənistan böyük diaspora malik ölkədir, 29. 743 min kvadrat kilometrlik ərazisi ilə məhdudlaşmamalıdır. Bu cahilə hələ də çatmayıb ki, çox istəyən azdan da olur. Neçə ki, artıq Qarabağda bir erməni qalmayıb, 29.7 min kv km-lik Ermənistan adlı süni dövlət də günün birində qəfil boşala, erməniyə həsrət bilər. Bizdən yenə xəbərdarlıq eləmək...

Analitik xidmət,
Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr