AZ

Vətəndaşın azadlıq hüququ 48 saatın içində - Konstitusiya Məhkəməsindən prinsipial mövqe  

Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumu ölkənin hüquq sistemində müzakirələrə səbəb olacaq mühüm bir qərara imza atıb. Söhbət vətəndaşın ən fundamental hüquqlarından biri olan azadlıq hüququnun (Konstitusiyanın 28-ci maddəsi) təminatından və tutulma müddətlərinin dəqiq şərhindən gedir.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında gündəmə gələn məsələ, Cinayət-Prosessual Məcəllənin (CPM) 2 fərqli maddəsinin – 148.6-cı və 447.2-ci maddələrinin tətbiqi zamanı yaranan anlaşılmazlıq olub. Konstitusiya Məhkəməsinə ünvanlanan sual konkret olub  - şübhəli şəxs qismində tutulan şəxsin həbs qətimkan tədbirinə baxılması üçün müəyyən edilən müddətlər bir-birini necə tamamlamalıdır?

Konstitusiya Məhkəməsinin Plenumu hakim X.Vəliyevin məruzəsini və müvafiq dövlət qurumlarının, o cümlədən Vəkillər Kollegiyası və ekspertlərin rəyini dinlədikdən sonra qəti mövqeyini açıqlayıb. Qərara əsasən, şəxsin azadlıq hüququnun təmin olunması üçün aşağıdakı prinsip rəhbər tutulmalıdır:

Məhkəmə tərəfindən həbs qətimkan tədbirinə baxılması üçün müəyyən edilmiş 24 saatlıq müddət, CPM-in 148.6-cı maddəsində nəzərdə tutulan 48 saatlıq ümumi tutulma müddətinə daxildir. Yəni, araşdırma bu 48 saatdan kənara çıxa və şəxsi qeyri-müəyyən müddətə azadlıqdan məhrum edə bilməz.  Konstitusiya Məhkəməsi təkcə mövcud vəziyyəti şərh etməyib, həm də qanunvericiliyin təkmilləşdirilməsi üçün parlamentə mühüm çağırış edib. Qərarda qeyd olunur ki, şəxsin həbsi ilə bağlı məsələnin obyektiv araşdırılması üçün istintaq orqanları ilə məhkəmələr arasında həmin 48 saatlıq müddət çərçivəsində "ağlabatan vaxt bölgüsü" müəyyənləşdirilməlidir. Xatırladaq ki, Konstitusiya Məhkəməsinin bu qərarı dərc edildiyi gündən qüvvəyə minir. Qərar qətidir, ləğv oluna bilməz və heç bir orqan tərəfindən fərqli şəkildə təfsir edilə bilməz.  Bu addım Azərbaycan hüquq sistemində insan haqlarının qorunması və prosessual müddətlərə ciddi əməl olunması istiqamətində atılmış prinsipial addım kimi qiymətləndirilir. Görünən odur ki, artıq istintaq və məhkəmə orqanları "vaxt itirmək" lüksünə sahib olmayacaqlar. 48 saatdan kənarda hər bir dəqiqə vətəndaşın azadlıq hüququnun məhdudlaşdırılması olacaq.

 

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
34
10
musavat.com

10Mənbələr