
ABŞ mediası İranın hücumları nəticəsində ABŞ-ın Yaxın Şərqdəki ən az 16 hərbi bazasının zərər gördüyünü bildirib.
AFN.az xəbər verir ki, Amerikanın CNN kanalının apardığı yeni araşdırma ABŞ və İran arasındakı gərginliyin regiondakı Amerika hərbi bazalarına təsirini üzə çıxarıb.
CNN-in peyk görüntülərinə, zərər qiymətləndirmə hesabatlarına, eləcə də ABŞ və Körfəz mənbələrinə istinadən hazırladığı xəbərdə fevralın 28-dən bəri İranın hücumları nəticəsində ABŞ ordusunun Yaxın Şərqdəki ən az 16 bazasının müxtəlif səviyyələrdə zərər gördüyü ifadə edilib. Məlumatda vurğulanıb ki, bəzi obyektlər ciddi əməliyyat itkiləri ilə üzləşib və bir hissəsi tamamilə istifadəyə yararsız hala düşüb.
İranın hücumlarının əsasən regionun müxtəlif yerlərində yerləşdirilmiş müasir radar sistemlərinə, rabitə infrastrukturuna, raketdən müdafiə vasitələrinə və təyyarələrə yönəldiyi qeyd olunub. Bildirilən itkilər arasında İordaniyadakı Amerikanın THAAD raket batareyalarına bağlı radar sistemləri və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bəzi obyektlərdə yerləşən radarlar yer alıb.
CNN həmçinin Səudiyyə Ərəbistanındakı aviabazaya təşkil edilən hücum zamanı ABŞ-a məxsus "Boeing E-3 Sentry" təyyarəsinin məhv edildiyini bildirib. Pentaqon rəsmiləri ötən həftə Konqresdəki çıxışları zamanı İrana qarşı hərbi əməliyyatların xərclərinin təxminən 25 milyard dollar olduğunu açıqlamışdılar. Lakin aralarında CNN və CBS News-un da olduğu bir çox Amerika media qurumu İranla müharibənin ümumi maliyyə yükünün ən az 50 milyard dollar olduğunu iddia edib.