AZ

Heydər Əliyev irsindən WUF13 ə: Azərbaycanın şəhərsalma strategiyası

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan şəhərsalma ənənəsi təkcə memarlıq nümunələrinin tarixi deyil, həm də dövlətçilik düşüncəsinin, sosial inkişafın, iqtisadi modernləşmənin və milli mədəniyyətin şəhər məkanında ifadəsidir. Bu baxımdan ölkəmizin şəhərsalma tarixində Ümummilli Lider Heydər Əliyev mərhələsi xüsusi yer tutur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində şəhərsalma siyasəti təsadüfi tikinti prosesi kimi deyil, sistemli dövlət siyasəti kimi formalaşıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü — 1969–1982-ci illər — respublikanın sənaye, sosial infrastruktur və şəhərsalma baxımından sürətli inkişaf mərhələsi idi. Bu dövrdə Bakı yalnız neft şəhəri kimi deyil, həm də müasir inzibati, mədəni və ictimai mərkəz kimi formalaşmağa başladı. Yeni yaşayış massivləri, nəqliyyat infrastrukturu, ictimai binalar, mədəniyyət obyektləri və inzibati komplekslər şəhərin simasını dəyişdirdi.

“Ümummilli Lider Bakının baş planının inkişafına mühüm töhfə verib, şəhərin gələcək taleyini müasir şəhərsalma tələbləri əsasında müəyyənləşdirib. Həmin dövrdə tikilən sənaye obyektləri, nəqliyyat infrastrukturu və yaşayış massivləri Azərbaycanın sonrakı iqtisadi inkişafı üçün mühüm baza yaradıb.

Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarət idi ki, şəhər yalnız binaların cəmi kimi deyil, vahid sosial orqanizm kimi düşünülürdü. Yaşayış, nəqliyyat, sənaye, mədəniyyət və ictimai xidmətlər arasında əlaqə qurulurdu. Bakı metrosunun inkişafı da məhz bu yanaşmanın mühüm elementi idi.

Heydər Əliyev dövründə istifadəyə verilən memarlıq nümunələri arasında Gülüstan Sarayı xüsusi yer tutur. Bu bina təkcə rəsmi tədbirlər məkanı deyil, həm də Bakının relyefi, panoraması və monumental memarlıq dili ilə harmoniyada olan şəhərsalma nümunəsidir.

Həmin illərdə Dövlət Sirki, Respublika Sarayı, müxtəlif mehmanxanalar, inzibati binalar, poçt və ictimai xidmət obyektləri, idman və mədəniyyət məkanları Bakının memarlıq görünüşünü zənginləşdirdi. Bu tikililər yalnız funksional məqsəd daşımırdı; onlar həm də paytaxtın statusunu, respublikanın mədəni səviyyəsini və ictimai həyatının genişlənməsini ifadə edirdi.

Bu dövrün memarlıq fəlsəfəsində üç əsas xətt görünür:

- dövlət idarəçiliyinin və ictimai həyatın ehtiyaclarına cavab verən funksionallıq;

- şəhərə simvolik dəyər qazandıran monumentallıq;

- milli memarlıq ənənələrinin müasir formalarla uzlaşdırılması.

Ona görə də həmin dövrdə tikilən bir çox binalar bu gün də yalnız tarixi obyekt kimi deyil, şəhər yaddaşının daşıyıcısı kimi qəbul olunur”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçiliyi ilə yanaşı, şəhərsalma və tikinti sektorunda da yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyin ilk illərində ölkə ağır siyasi, iqtisadi və sosial böhranla üz-üzə idi. Belə bir şəraitdə şəhərsalma üçün əsas məsələ təkcə yeni binaların tikilməsi deyil, dövlət institutlarının bərpası, iqtisadi sabitliyin təmin edilməsi və şəhər həyatının normal ritminə qaytarılması idi.

“Heydər Əliyevin apardığı şəhərsalma siyasəti həm sovet dövründə, həm də müstəqillik illərində tikinti sektorunun dirçəlməsinə, Bakının və digər şəhərlərin sənaye potensialının bərpasına, sosial infrastruktur məsələlərinin həllinə şərait yaratdı.

Müstəqillik dövründə şəhərsalma artıq yeni iqtisadi reallıqlara uyğunlaşmağa başladı. Bazar iqtisadiyyatı, özəl investisiyalar, beynəlxalq əməkdaşlıq və yeni idarəetmə mexanizmləri şəhərlərin inkişafına təsir göstərdi. Bu mərhələdə Bakının mərkəzi hissələrinin yenilənməsi, yeni yaşayış komplekslərinin tikilməsi, yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi və ictimai məkanların bərpası əsas istiqamətlərdən oldu”, -deyə A.Kərimli qeyd edib.

Deputat bildirib ki, sonrakı illərdə Azərbaycan şəhərsalması yeni bir mərhələyə daxil oldu. Bakı həm tarixi irsi qoruyan, həm də müasir memarlıq nümunələri ilə qlobal şəhər imici qazanan paytaxta çevrildi. Heydər Əliyev Mərkəzi, "Flame Towers", Bakı Ağ Şəhər layihəsi və digər müasir obyektlər paytaxtın memarlıq panoramasını əhəmiyyətli dərəcədə dəyişdirdi.

Bu nümunələr göstərir ki, Azərbaycanın müasir şəhərsalma modeli yalnız tikinti həcmləri ilə ölçülmür. Burada simvolik məna, vizual kimlik, beynəlxalq tanınma, ictimai məkanların keyfiyyəti və şəhərin qlobal tədbirlərə ev sahibliyi potensialı da mühüm rol oynayır.

"Ulu Öndər Heydər Əliyevin şəhərsalma irsi Azərbaycanda memarlığın və şəhərsalmanın dövlət inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilməsinin əsasını qoydu. Bu gün isə Azərbaycan şəhərsalması yeni mərhələdədir: Bakı qlobal urbanizasiya dialoqunun mərkəzlərindən birinə çevrilir, Qarabağ və Şərqi Zəngəzurda isə müasir, təhlükəsiz və dayanıqlı yaşayış modelləri qurulur. WUF13-ün Bakıda keçirilməsi bu proseslərin beynəlxalq səviyyədə təsdiqi və yeni əməkdaşlıq imkanlarının başlanğıcı kimi qiymətləndirilir",- deyə A. Kərimli əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azertag.az

3Mənbələr