AZ

"Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət yürütməyə üstünlük verir" - Elmira Mehdiyeva

“Yeni Fikir” JHİB-nin sədri, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyeva Azərbaycanın Avropa ilə əməkdaşlıq etməsi, amma milli maraqları və müstəqil siyasətini qorumağa üstünlük verməsi barədə QHT.az-a açıqlama verib.

E.Mehdiyevanın sözlərinə görə, Avropaya inteqrasiya məsələsində milli-mənəvi dəyərlərin qorunması əsas prioritet olmalıdır: "Avropaya inteqrasiya: bu ifadəni son illərdə tez-tez eşidirik. Bəzi hallarda özümüzü qınayırıq ki, biz Avropa dəyərlərindən geri qalırıq, onların adət-ənənələri guya bizimkindən çox yaxşıdır, orada insanlar bizdən daha azaddırlar və daha sərbəst davrana bilirlər. Bu müqayisələri uzatmaq da olar. Lakin həyat irəlilədikçə bizə təlqin edilən Avropa mədəniyyətinin “çılpaq” üzünü daha aydın görə bilirik və kortəbii inteqrasiyanın yolverilməz olduğunu anlayırıq". 

Elmira Mehdiyeva bildirib ki, Avropanın müsbət tərəfləri qəbul edilsə də, ikili standartlara yol verilməməlidir: "Təbii ki, Avropanın nümunə götürülıcək tərəfləri vardır, lakin Avropa dəyərlərinin bizim əsrlərlə formalaşan, kimliyimizin bariz ifadəsi olan milli-mənəvi dəyərlərimizə xələl gətirməsinə imkan vermək olmaz. Onların təbirincə Avropa İttifaqı ölkələrarası iqtisadi, siyasi və sosial əməkdaşlığı gücləndirməyi, eyni zamanda müxtəlif mədəniyyətlərin qorunmasını təşviq etməyi hədəfləyir. Bu çox gözəldir, əgər ikili siyasət olmasa".

Sədr vurğulayıb ki, Prezident İlham Əliyev Avropa ilə əməkdaşlıqda enerji və iqtisadi tərəfdaşlığı ön plana çıxarır: "Prezident İlham Əliyev Avropaya inteqrasiya ilə bağlı çıxışlarında əsasən bir neçə istiqaməti ön plana çıxır. O, tez-tez Azərbaycanın Avropa ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığının vacibliyini vurğulayır. Xüsusilə enerji təhlükəsizliyi mövzusunda Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edir və Cənub Qaz Dəhlizi kimi layihələri nümunə göstərir".

Elmira Mehdiyevanın fikrincə, Azərbaycan Avropa ilə münasibətlərdə müstəqil siyasət kursunu qoruyur: "Bununla yanaşı, İlham Əliyev çıxışlarında Azərbaycanın müstəqil siyasət apardığını və Avropa strukturları ilə əməkdaşlığın qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanmalı olduğunu bildirir. O, ölkənin milli maraqlarının hər zaman prioritet olduğunu da vurğulayır".

Sədr qeyd edib ki, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməz hesab olunur: "Həmçinin, bəzi çıxışlarında Avropa institutlarını ikili standartlarda ittiham edir və Azərbaycanın daxili işlərinə müdaxiləni qəbuledilməz saydığını ifadə edir".

Elmira Mehdiyeva hesab edir ki, Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət yürütməyə üstünlük verir: "Ümumilikdə, Azərbaycanın mövqeyi Avropa ilə yaxın əməkdaşlıq, lakin tam inteqrasiyadan daha çox müstəqil və balanslaşdırılmış xarici siyasət üzərində qurulub".

Fatimə Nəbiyeva

Seçilən
4
qht.az

1Mənbələr