ain.az bildirir, Bizimyol portalına istinadən.
İp əyirmə sənəti Azərbaycanda qədim sənətlərdən hesab edilir. Xalçaçılıq, kilimçilik, corab və digər yun məhsulların toxunması üçün əvvəlcə keyfiyyətli ipin əyrilməsi vacibdir.
İp əyirmə sənəti eramızdan əvvəl II minillikdə ortaya çıxıb. Qazıntılar zamanı ipəyirici başlıqlar, gil və sümükdən hazırlanmış çarxlar, yun malına aid kəsici alətlər aşkarlanıb. Qobustan qayaüstü rəsimlərində ip əyirmə sənəti ilə bağlı nüanslar var.
Azərbaycanda ip əyirən alət kirman və çarkadır. Çarka taxtadan və ya metaldan hazırlanır. Bu zaman sol əllə yun çəkilir, sağ əllə çarx fırladılır. Kirman isə nisbətən kiçik olur.
İp əsasən qoyun, quzu yunundan və pambıqdan hazırlanır. Təsəvvür edin ki, 1 kiloqram yun ip hazırlamaq üçün 1-2 gün vaxta ehtiyac olur.
Ümumiyyətlə xalçaçılıq, ip əyirmə sənəti Azərbaycan qadınlarının orta əsrlərdə məşğul olduğu əsas sənət olub. İp əyirmə sənəti ilə əsasən Quba, Şirvan, Qarabağ, Şəki, Gəncə və Qazax bölgələrində daha çox məşğul olunub. İp əyirmə sənəti həm toxuculuqda, həm də sənətkarlıqda mühüm rol oynayıb.
Bu gün ip əyirmək üçün istifadə olunan alətlər bir çox muzeylərdə eksponat kimi saxlanılır. Bəlkə də bu gün də bəzi evlərdə hələ də ip əyrilir. Bu alətlərlə yaxından tanış olmaq üçün Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə baş çəkə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.