AZ

Azərbaycan Prezidenti İrəvandakı sammitə qoşulacaq -VİDEOBAĞLANTI VASİTƏSİLƏ

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videobağlantı vasitəsilə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitinə qoşulacaq.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci sammiti   4-5 may tarixlərində İrəvanda “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” şüarı ilə keçirilir.

 

Məlumata görə, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.

 

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada baş tutub. Bundan sonra sammit ardıcıl olaraq Moldovanın paytaxtı Kişinyovda, İspaniyanın Qranada şəhərində, Böyük Britaniyanın Oksfordşir bölgəsində, Macarıstanın paytaxtı Budapeştdə, Albaniyanın paytaxtı Tiranada və Danimarkanın paytaxtı Kopenhagendə keçirilib. 

 

Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bərabərhüquqlu əsasda, birlik ruhu və ümumi məqsəd ətrafında birləşdirir. Bu platforma siyasi dialoqun və əməkdaşlığın inkişafına, ümumi maraq doğuran məsələlərin həllinə, Avropa qitəsində təhlükəsizliyin, dayanıqlılığın və rifahın möhkəmləndirilməsinə xidmət edir. Sammit Avropa liderlərinə təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı genişləndirmək üçün imkan yaradır. O, mövcud heç bir təşkilatı, strukturu və ya prosesi əvəz etmir.

 

Yeri gəlmişkən, onu da xatırladaq ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammiti Azərbaycanda keçiriləcək.

Seçilən
2
1
senzor.az

2Mənbələr