AZ

ABŞ Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatına 15 min hərbçi cəlb edir

Vaşinqton beynəlxalq ticarət üçün kritik əhəmiyyət daşıyan dəniz dəhlizində gəmilərin təhlükəsiz keçidini təmin etməyə çalışır...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trump tərəfindən bir gün əvvəl elan olunan “Azadlıq Layihəsi” əməliyyatına 15 min amerikalı hərbçi cəlb ediləcək. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, əməliyyat çərçivəsində həmçinin esmineslər, 100-dən çox quru və dəniz bazalı təyyarə, eləcə də digər hərbi texnika səfərbər olunacaq.

CENTCOM-un komandanı, admiral Brad Cooper bildirib ki, bu müdafiə xarakterli missiyaya göstərilən dəstək həm regional təhlükəsizlik, həm də qlobal iqtisadi sabitlik baxımından həlledici əhəmiyyət daşıyır. O əlavə edib ki, ABŞ paralel olaraq dəniz blokadasının davam etdirilməsini də təmin edir.

Məlumata əsasən, əməliyyatın əsas məqsədi Hörmüz boğazı vasitəsilə hərəkət edən ticarət gəmilərinin təhlükəsiz və maneəsiz tranzitini təmin etməkdir. ABŞ hərbi qurumları bu təşəbbüsü beynəlxalq ticarətin ən vacib marşrutlarından birində sabitliyin qorunmasına yönəlmiş addım kimi qiymətləndirir.

Prezident Donald Tramp qeyd edib ki, əməliyyatın başlanması qərarı üçüncü ölkələrin müraciətlərindən sonra qəbul edilib. Həmin ölkələr öz ticarət gəmilərinin bloklanmış dəniz dəhlizindən çıxarılması üçün ABŞ-dan yardım istəyiblər. Tramp bu addımı ABŞ, İran və Yaxın Şərqin digər ölkələri tərəfindən atılan humanitar jest kimi xarakterizə edib.

Hərbi mənbələr vurğulayır ki, əməliyyat artıq bu gün start götürməlidir və əsas diqqət ticarət gəmilərinin təhlükəsizliyinə, həmçinin regionda gərginliyin idarə olunmasına yönəldiləcək.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr