AZ

Günəşi udan canavar

Canavarlar rayonda vətəndaşın qoyunlarına hücum etmiş, xeyli ziyan vurmuşdur. Bu münasibətlə çoban intervü verib, deyir: “Millətin içində gəlib heyvanları parçalayırlar”. Sitatın sonu.

Doğrudan da, dünyada baş verən geopolitik proseslər canavarların tərbiyəsini pozubdur. Qoyun yemək istəyirsən, bunu gecə elə, dumanda elə, nə bilim, hansısa dərənin, dağın, cəhənnəmin dibində elə... Üstəlik, biz özümüz yeməyə quzunu güc-bəla tapırıq, Monqolustandan, Argentinadan alırıq, canavara verməyə əvvəlki qədər heyvan yoxdur.

Eyni zamanda, dərindən düşünəndə canavarlar haçan millətin içində olmayıb ki? Həmişə onlar qoyunları bu kimi ərazilərdə yaxalamışlar.

Lakin çox pessimist olmaq lazım deyil, yenə rayon ərazisində 15 yaşlı uşaq canavarı bıçaqla öldürmüşdür. Əmisinə həyətdə hücuma keçibmiş yaramaz heyvan... Mən təklif edirəm həmin uşağın ürəyi istəyən universitetə imtahansız qəbuluna şərait yaradılsın. Buradan üzümü Məleykə xanıma tutub yazıram. Çünki bu uşaqda böyük perspektiv vardır. 15 yaşında canavar boğan, 25 yaşında nələr eləyər...

Həmçinin, indiki qanun-qaydada hansısa qotur olimpiada medalı alan uşaqların imtahansız qəbulu prinsipi olmalıdır. Bəyəm canavar öldürmək olimpiadadan asandır? Əksinə, bəlkə daha çətindir, çünki canavar öldürməyin nəinki məktəbi, heç repetitoru yoxdur.

İndi söz əlaqədar canavarlarındır. Biz isə cızmaqaramıza davam edək.

Bu kimi həvəsləndirmələr kənd təsərrüfatımızın inkişafına da səbəb olar. Hamı çalışar mal-heyvan saxlasın, daha qapılara düşüb ət gəzmərik. Bir də gördün canavarlar özləri başladılar qoyunçuluğa.

Stimul vacibdir. Hələ rəhmətlik Napoleon demişdir: “İnsanları hərəkətə gətirən iki qüvvə vardır, biri şöhrət hissidirsə, o biri də maddi maraqdır”. Hal-hazırda canavarlarda şöhrətpərəstlik səviyyəsi yüksəkdir, məsələn, onları sirkdə oynatmaq çox çətindir. Fürsətdən istifadə edərək Bakı sirkində təmir zamanı bir-iki pəhləvanın işdən çıxarılmasını, zirzəmidəki dəmir-dümürün isə satılmasını pisləyirəm. Şair belə məqamda demişdir: “Pəhləvanlar badpalar səgridəndə hər yana, Tifl həm cövlan edər, amma ağacdan atı var”.

Qeyd edim ki, tək canavarlar deyil, köşə yazarlarını da sirkdə oynatmaq mümkün olmur, biləsiniz. Bu da bizim peşənin müsbət xüsusiyyətlərindən biridir. Sözü isə ona gətirirəm ki, bu gün, yəni may ayının 3-ü bütün dünyada Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd edilir. Açığı, biz bu bayramı heç qeyd eləmirik, çünki bizdə mətbuat həmişə azad olmuşdur. Həmişə azad olandan sonra, niyə yada salaq? Məsələn, biz heç 1 may zəhmətkeşlərin həmrəylik gününü də qeyd eləmədik, çünki hamımız başımızı aşağı salıb, işimizi görürük. Ümumiyyətlə, bizdə həmrəyliyin yalnız bir üsulu qeyd edilir. O da dünya azərbaycanlılarının həmrəyliyidir. Ta bunu hansısa xırdalıqlara bölmək mənasızdır.

3 may, bütünlüklə qəribə bir gündür, biləsiniz. Təsadüfə bax ki, dünya türklərinin həmrəyliyi, beynəlxalq söz azadlığı məhz bir günə salınıbdır və hazırda dünyada ən azad söz Turan ellərindədir. Ox atırıq, hara düşsə orda qəzet açılır. Hansı alaçığa girsən, öz saytı vardır. Ancaq bununla bitmir. Sən demə 3 may hətta Günəş günü kimi qeyd edilirmiş! İnsafən, 3 mayda Günəş arabir buludların dalından göz vurub hələ tamam sönmədiyini bizə sübut elədi.

Yoxsa adam fikirləşir: “Bəlkə Günəşi də canavarlar parçalamışdır?”

Seçilən
0
3
musavat.com

4Mənbələr