AZ

“Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq” Dambrauskas

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının XXX turunun “Şamaxı” – “Sabah” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm, bizə dəstək olan azarkeşlərə minnətdaram. Çempionluq xəbəri gəldikdən sonra oyuna köklənmək çətin idi. Çünki yenidən emosiyaları qaytarmağa, özündə güc tapmağa ehtiyac var. Bu oyunun əhəmiyyəti nə qədər olmasa da, itmiş olur. Buna baxmayaraq, futbolçular özlərində güc tapdılar və motivasiyalı şəkildə oynadılar, qələbə qazandılar. Göstərdik ki, mükafatımızı layiqli şəkildə qazanmışıq. “Şamaxı” çox yaxşı komandadır, onlara qarşı üç qol vurmaq asan deyil. Amma ikinci hissədə də çoxlu imkanlar yaratdıq. Oyunun böyük qismində dominant tərəf biz idik.

– Bundan əvvəl çalışdığınız klublar çempionluğu əvvəl də yaşamışdı. Amma “Sabah” tarixində ilki bacardınız. Fikirləriniz nədir?

– Bolqarıstanda, Xorvatiyada kubok qazanmışam. Düşünürəm ki, Azərbaycandakı çempionluq ən böyük nailiyyətlərimdən biridir. Litvada da qızıl medallar qazanmışdım, amma orda vəziyyət elə idi ki, çempionluğa məcbur idin. Yanlış xatırlamıramsa, 9 aydır, uduzmuruq. Azərbaycan liqası güclüdür və daha da inkişaf edəcək. Çempionlar Liqasının pley-off mərhələsində oynamış komandanı keçmək asan deyil. Böyük nailiyyətə imza atdıq. Əməyi keçən hər kəsə minnətdaram.

– Avropaya gedəcək 4-cü komandanın taleyi sizdən asılıdır. Kubokun finalına qədər formanızı saxlaya biləcəksiniz?

– Kuboku da qazanmaq istəyirik. Hər kəs meydanda öz işini görəcək. Bizim üçün ikinci titul çox önəmlidir. Tarix yazmaq istəyirik. Düşünürəm ki, meydana çıxanda başqa şeyləri düşünməyəcəyik. Şansımızdan maksimum yararlanacağıq.

– Bu gün debüt edən Cəfər Muxtarov haqda fikriniz necədir? Mövsümün əvvəlində onu heç II Liqa klubları da komandaya götürmək istəmirdi, amma bu gün siz ona karyerasında böyük şans verdiniz…

– Cəfərin bizə gəlməsi bir balaca qəribə oldu. Tam xatırlamıram, amma səhv etmirəmsə, oktyabrda – milli komandalara görə yaranan fasilədə bizə qoşuldu. Gördüm ki, çox yaxşı keyfiyyəti var və yaxşı oyunçudur. Topla gözəl davranmağı bacarır, əvəzedici komandada özünü göstərə bildi. Çalışdıq ki, ona dəstək olaq. Komandada kim varsa, uğurlarımızda pay sahibidirlər. Rəqabət yüksəkdir və bəzən oyunçular çox çalışsalar da, onlara fürsət vermək imkanımız olmur. Cəfər də daxil, bir çox oyunçu eqolarını komanda üçün tərk edir, məşqlərdə canla-başla iştirak edirlər. Fikirləşirəm ki, millinin də məşqçilər heyəti onu diqqətdə saxlamalıdır. Top saxlamaq istəyən komandaların belə futbolçulara ehtiyacı var. Bu gün də oynamağa layiq idi.

– Puxaç ilk hissədə zədələndi. Onun durumu necədir?

– Bu haqda dəqiq deyə bilməyəcəyəm. Tibbi heyətlə danışmaq lazımdır. Puxaç elə oyunçudur ki, onu bir dəqiqə də itirmək istəməzdim.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
50
futbolpress.az

10Mənbələr