ABŞ-nin yeni tarif siyasəti Avropa ilə münasibətlərdə gərginliyi artırır.
KONKRET.az xəbər verir ki, “Politico” saytında jurnalistlər Kamil Gijs və Ari Hokins tərəfindən dərc olunan təhlildə ABŞ prezidenti Donald Trampın yeni tarif qərarlarının Avropa İttifaqına ciddi iqtisadi zərbə vurduğu qeyd olunur.
Məqaləyə görə, Avropa Komissiyasının ilkin qiymətləndirməsi göstərir ki, polad və alüminium tərkibli məhsullar daxil olmaqla, Avropa İttifaqının ixracının demək olar yarısı ABŞ-nin yeni rüsumları riski altındadır. Ümumilikdə, bu qərarlar ildə təxminən 52 milyard avroluq ixracı əhatə edir.
Bunun təxminən 23 milyard avroluq hissəsi xüsusilə riskli sayılır və yeni qaydalara əsasən daha yüksək tariflərlə üzləşə bilər.
Yeni sistemə görə, Tramp administrasiyası artıq rüsumları məhsulun tərkibindəki metalın miqdarına deyil, ümumi dəyərinə əsasən hesablayır. Bu isə Avropa istehsalçıları üçün əlavə çətinliklər yaradır.
Tariflər üç səviyyədə tətbiq olunur:
– xammal polad, alüminium və mis üçün 50%
– bu metallardan hazırlanan məhsullar üçün 25%
– ABŞ mənşəli metal istifadə edən xarici məhsullar üçün 10%
Bu qərar ABŞ Ali Məhkəməsinin Trampın əvvəlki “qarşılıqlı tariflər” siyasətini ləğv etməsindən sonra qəbul olunub. Yeni yanaşma Vaşinqtonun ticarət tərəfdaşlarına təzyiqi davam etdirmək cəhdi kimi qiymətləndirilir.
Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç məsələni Vaşinqtonda ABŞ ticarət nümayəndəsi Ceymson Qrir ilə müzakirə edib. O bildirib ki, tərəflər arasında əldə olunmuş razılaşmanın qüvvədə qalacağına dair təminatlar verilib.
Bununla belə, Avropada narahatlıq artır. Avropa Parlamentinin ticarət komitəsinin rəhbəri Bernd Lange açıq şəkildə bildirib ki, Trampın qərarı Avropa Parlamentinin gözləntilərinə cavab vermir və tariflərin maksimum 15% səviyyəsində saxlanılması tələb olunur.
Məqalədə vurğulanır ki, bu addım ABŞ ilə Avropa arasında ticarət münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər. Xüsusilə Trampın “America First” (Birinci ABŞ gəlir) siyasəti çərçivəsində istehsalın ABŞ-yə qaytarılması prioritet olaraq qalır və bu, Avropa sənayesinə birbaşa təzyiq kimi qiymətləndirilir.//musavat.com