BAKI, 3 may. TELEQRAF
ABŞ paytaxtı Vaşinqtonda prezident Donald Trampa qarşı silahlı hücum cəhdində şübhəli bilinən şəxsin hadisə zamanı psixi pozuntu və ya sinir sarsıntısı keçirmədiyi bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin prokuroru Janin Pirro CNN telekanalına müsahibəsində açıqlama verib.
Onun sözlərinə görə, şübhəli ağıllı şəxsdir və magistr dərəcəsinə malikdir.
“İnsanlar onun dəli olduğunu düşünə bilər, lakin bu belə deyil. O, ağıllıdır və onda sinir sarsıntısı olmayıb”, – deyə Pirro bildirib.
Prokuror əlavə edib ki, istintaq tərəfi məhkəmədə şübhəlinin ABŞ prezidentini öldürmək niyyətində olduğunu sübut edə biləcəyinə inanır.
Qeyd edək ki, insident Vaşinqtondakı “Washington Hilton” otelində Ağ Ev müxbirləri assosiasiyasının illik qəbulunda baş verib. Hadisə zamanı ABŞ Məxfi Xidmətinin bir əməkdaşı yaralanıb. 31 yaşlı şübhəli şəxs Koul Tomas Allen saxlanılıb. Onun əvvəlcədən oteldə otaq götürdüyü və silahı içəri keçirə bildiyi məlum olub.