AZ

Maliyyə naziri AİB in Səmərqənd toplantısında Azərbaycanın prioritetlərini açıqlayıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 may, AZƏRTAC

Asiya İnkişaf Bankının (AİB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısında iştirak edən maliyyə naziri Sahil Babayev mayın 3-də Bankda Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda AİB-nin strateji prioritetləri, Seçki Qrupunda təmsil olunan ölkələrdə həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

İclasda çıxış edən S.Babayev Seçki Qrupu çərçivəsində formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. O, AİB ilə tərəfdaşlığın qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini bildirib.

S.Babayev Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və logistika potensialına diqqət çəkərək, bu istiqamətdə AİB-nin dəstəyini xüsusi vurğulayıb, eyni zamanda, nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqinin xidmətlərin daha səmərəli təşkilinə imkan verdiyini qeyd edib.

Azərbaycanın maliyyə naziri AİB-nin dəstəyi ilə həyata keçirilən dəmiryol infrastrukturunun modernləşdirilməsi, metro sisteminin genişləndirilməsi, enerji və su təsərrüfatı layihələrinin icrasının ölkəmizin iqtisadi şaxələndirmə və inklüziv artım hədəflərinə xidmət etdiyini bildirib.

x x x

İllik Toplantının ilk günündə Sahil Babayev bir sıra ikitərəfli görüşlər keçirib. AİB-nin Prezidenti Masato Kanda ilə keçirilən görüşdə Azərbaycan ilə Bank arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, nəqliyyat və logistika, dəmiryolu xətlərinin modernləşdirilməsi, şəhər nəqliyyatının təkmilləşdirilməsi və regional bağlantıların gücləndirilməsi üzrə layihələrdə Bankın iştirakının əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri barədə məlumat verilib, AİB-nin ölkə iqtisadiyyatının şaxələndirilməsi, yaşıl inkişaf, rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Nazir bildirib ki, AİB-nin 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadi artımın dəstəklənməsi, yaşıl keçidin sürətləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

S.Babayev regional əməkdaşlığın genişləndirilməsində CAREC Proqramının mühüm platforma olduğunu vurğulayıb, eyni zamanda, Orta Dəhlizin Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətini qeyd edib.

Öz növbəsində AİB prezidenti Masato Kanda Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, prioritet sahələr üzrə birgə layihələrin davam etdirilməsi və yeni təşəbbüslərin dəstəklənməsinə hazır olduqlarını bildirib.

x x x

Özbəkistan Respublikasının Baş nazirinin müavini, AİB-nin Özbəkistan üzrə Rəhbəri Cəmşid Xocayev ilə görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, tərəflər arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə və 2025–2029-cu illər üzrə Yol Xəritəsi iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır.

S.Babayev ötən il Özbəkistanda Azərbaycanın Ticarət Nümayəndəliyinin açılmasının ikitərəfli iqtisadi əməkdaşlığın dəstəklənməsi, işgüzar əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm institusional addım olduğunu bildirib.

x x x

Nazir S.Babayevin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) rəhbəri Nobumitsu Hayashi ilə görüşündə isə Yaponiya ilə Azərbaycan arasında mövcud etibarlı tərəfdaşlıq münasibətləri, JBIC-nin qlobal inkişaf maliyyələşməsində rolu, Orta Dəhliz üzrə nəqliyyat və logistika infrastrukturunun inkişafı, enerji şəbəkələrinin modernləşdirilməsi və sənaye sektorunda innovativ texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan ilə JBIC arasında əməkdaşlığın hazırda əsasən məhdud və layihə yönümlü xarakter daşıdığı, lakin xüsusilə enerji keçidi, yaşıl iqtisadiyyat və dekarbonizasiya sahələrində geniş potensialın mövcud olduğu bildirilib. Tərəflər bu əlaqələrin uzunmüddətli investisiya əməkdaşlığı çərçivəsinə keçməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, maliyyə sahəsində Azərbaycanın makroiqtisadi sabitliyi, güclü fiskal intizamı və dövlət maliyyə idarəetməsi üzrə aparılan institusional islahatlar qeyd olunub. Bildirilib ki, büdcə proseslərinin şəffaflaşdırılması, dövlət investisiya layihələrinin səmərəli idarə olunması və rəqəmsal xəzinədarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq üçün etibarlı mühit formalaşdırır.

x x x

Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin İnkişaf Maliyyəsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin nümayəndələri ilə görüş keçirib, Asiya İnkişaf Fondunun (AİF) Məsləhətləşmə Görüşündə iştirak ediblər.

Görüş zamanı İnkişafın Maliyyəsi üzrə Əməkdaşlıq Mərkəzinin nümayəndələri qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycanla mümkün əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

AİF-nin Məsləhətləşmə Görüşündə isə Fondun resurslarının daha səmərəli səfərbər edilməsi, yoxsulluğun azaldılması, insan inkişafının təşviqi, inklüzuv iqtisadi artımın dəstəklənməsi, iqlim dayanıqlığının gücləndirilməsi və fəlakət risklərinin azaldılması kimi prioritet istiqamətlər müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
11
azertag.az

10Mənbələr