Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Avropa ilə çox sərt qarşıdurma dövrünə qayıdır. Onun sözlərinə görə, avropalılar səfərbər olur, saxta rusofobiyadan tətikləyici kimi istifadə edirlər və hərbi quruculuğa böyük məbləğlər xərcləməyə hazırdırlar.
"Və bütün bunlar, əlbəttə ki, bizi ilk növbədə Avropa ilə çox sərt qarşıdurma dövrünə qaytarır", - deyə Peskov "Vesti" jurnalisti Pavel Zarubinlə söhbətində əlavə edib. O, həmçinin qeyd edib ki, Avropa ölkələri Amerikanın müdafiə dəstəyinin itirilməsini kompensasiya etmək üçün qarşıdurma addımları atırlar.
Daha əvvəl NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ABŞ-ın ittifaqdan çıxmaq təhdidləri fonunda Avropanın müdafiə imkanlarının genişləndirilməsini müzakirə ediblər. Brüssel əsas ideoloqu Almaniya olmaqla "Avropa NATO"su üçün plan hazırlayır. NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone ittifaqın Rusiyanı "bir nömrəli təhlükə" hesab etdiyini təsdiqləyib. Aİ, həmçinin "Avropa Müdafiəsi üzrə Ağ Sənəd"də Moskvanı "fundamental təhlükə" adlandırıb.
S.ELAY
XQ