Konstantin Larionovun siyasi baxışları, proqramı, Boris Nemtsova münasibəti, "qorxursuzmnu" sualına cavabı...
Son illərdə Rusiyada siyasi mühitin sərtləşməsi fonunda müxalif düşərgədə yeni nəsil fəallar formalaşmağa başlayıb. Bu nəsil klassik siyasi liderlərdən fərqli olaraq, daha çox yerli səviyyədə fəaliyyət göstərir, şəbəkə tipli təşkilatlanmaya üstünlük verir və konkret sosial problemlər üzərindən siyasi mövqe qurur. Bu kontekstdə diqqət çəkən fiqurlardan biri də Konstantin Larionov hesab olunur. Musavat.com xəbər verir ki, onun barəsində müxalifyönlü “Novaya qazeta” geniş məqalə yazıb.
29 yaşlı Larionov bu gün “Namizədlər Qərargahı” adlı ictimai-siyasi təşəbbüsün rəhbəridir. Bu struktur prezident seçkiləri zamanı Boris Nadejdin ətrafında formalaşmış və qısa müddətdə müxtəlif regionlarda aktivistləri birləşdirən platformaya çevrilmişdi. Hazırda təşkilat 2026-cı il seçkilərinə hazırlaşır və özünü müstəqil namizədlər, müşahidəçilər və seçki prosesində iştirak edən digər şəxslər üçün koordinasiya mərkəzi kimi təqdim edir.
Larionovun siyasi fəaliyyəti ənənəvi mənada planlaşdırılmış karyera yolu ilə başlamayıb. O, ixtisasca tarix və cəmiyyətşünaslıq müəllimidir və ilk olaraq təhsil sahəsində çalışarkən əmək hüquqları ilə bağlı problemlərlə üzləşib. 2019-cu ildə aldığı aşağı maaş və iş şəraitinin pisləşdirilməsi cəhdləri onu açıq şəkildə etiraz etməyə və hüquqlarını müdafiə etməyə vadar edib. Məhz bu mərhələ onun üçün siyasətə giriş nöqtəsi olub. Öz sözləri ilə desək, mövcud reallıqda siyasətdən kənarda qalmaq artıq mümkün deyil, çünki gündəlik həyatın özü siyasi qərarların təsiri altındadır.
Bu gün Larionov yalnız fərdi aktivist kimi deyil, həm də təşkilatçı kimi çıxış edir. Onun əsas məqsədi müxalif düşərgədə yeni kadrların yetişdirilməsi və seçki prosesində iştirak imkanlarının genişləndirilməsidir. Bu baxımdan “Namizədlər Qərargahı” klassik partiya modelindən fərqli olaraq, daha çevik və qeyri-formal şəbəkə funksiyası daşıyır. Burada əsas diqqət ideologiyadan çox praktiki fəaliyyətə – müşahidəçilik, imza toplama kampaniyaları və yerli seçkilərdə iştirak kimi məsələlərə yönəlib.
Larionov artıq özü də daha böyük siyasi ambisiyalarını gizlətmir. O, yaxın dövrdə Rusiya Dövlət Duması seçkilərində müstəqil namizəd kimi iştirak etməyi planlaşdırdığını açıqlayıb. Onun seçki platforması bir neçə əsas istiqaməti əhatə edir: internet üzərində nəzarətin zəiflədilməsi, korrupsiyaya qarşı mübarizə, seçki sistemində şəffaflığın artırılması və vətəndaşların gündəlik həyatına təsir edən kommunal problemlərin həlli. Xüsusilə Roskomnadzor tərəfindən tətbiq edilən məhdudiyyətlər onun tənqid hədəflərindən biridir.
Onun seçki strategiyası da diqqətəlayiqdir. Larionov klassik partiya resurslarının məhdud olduğu şəraitdə “protest səsverməsi” modelinə üstünlük verir. Bu yanaşma seçiciləri ideoloji yaxınlıqdan çox, real rəqabət imkanına malik alternativ namizədi dəstəkləməyə çağırır. Bu taktika müxtəlif ölkələrdə sınaqdan çıxarılıb və müəyyən hallarda uğur da qazanıb.
Bununla belə, Larionov fəaliyyət göstərdiyi mühitin risklərini açıq şəkildə etiraf edir. O, bəzi həssas mövzulara, xüsusilə də müharibə məsələsinə toxunmamağı daha məqsədəuyğun hesab edir. Bu mövqe bəzən tənqid olunsa da, onun tərəfdarları bunu real siyasi şəraitdə fəaliyyət göstərmək üçün zəruri praqmatik yanaşma kimi qiymətləndirirlər. Larionovun fikrincə, mövcud resurslarla daha çox yerli və praktiki problemlərə fokuslanmaq daha effektiv nəticə verə bilər.
Onun siyasi baxışları əsasən liberal-demokratik dəyərlərə söykənir. Larionov özünü əvvəlki müxalif nəsillə də ideoloji baxımdan əlaqələndirir və xüsusilə Boris Nemtsov kimi siyasətçiləri nümunə göstərir. Bu, onun siyasi kursunun hansı istiqamətdə formalaşdığını anlamaq baxımından əhəmiyyətlidir.
Ümumilikdə, Konstantin Larionovun timsalında Rusiyada yeni tip müxalifət modelinin formalaşdığını müşahidə etmək mümkündür. Bu model daha az mərkəzləşmiş, daha çox şəbəkə əsaslı və konkret sosial problemlərə yönəlmişdir. O, hələlik böyük siyasi fiqur hesab olunmasa da, təmsil etdiyi yanaşma gələcəkdə Rusiyanın siyasi mənzərəsində müəyyən rol oynaya bilər." />Müxbirin “SVO” (xüsusi hərbi əməliyyat) ilə bağlı sualına cavab olaraq Konstantin Larionov kifayət qədər ehtiyatlı mövqe sərgiləyib. O bildirib ki, rəhbərlik etdiyi təşkilat hazırkı mərhələdə bu mövzuya ümumiyyətlə toxunmur: “Biz fəaliyyətimizi malik olduğumuz resurslara və imkanlara uyğun qururuq. Hazırda biz kiçik təşkilatıq, hərçənd bir neçə regional qərargahımız var. Amma bu mövzuya ümumiyyətlə toxunmuruq, çünki bu təhlükəlidir. Bu, Rusiyanı dəyişmək gücündə olduğumuz səviyyə deyil. Bunun üçün bizdə heç bir resurs yoxdur. Əlbəttə, əgər deputat seçilsəm, bu artıq tam fərqli imkanlar və səviyyə olacaq. O zaman baxarıq, hadisələr necə inkişaf edəcək”.
“Qorxmursunuz?” sualına isə o, daha obrazlı və gündəlik həyatdan götürülmüş müqayisə ilə cavab verib: “Bilirsiniz, bəzən qışda düşünürsən: mağazaya gedim, ya yox? Axı damlar yaxşı təmizlənmir, iri buz parçaları sallanır, başına nəsə düşə bilər. Amma sonda yenə gedirsən, çörək, kolbasa alırsan, özünə buterbrod hazırlayırsan. Çünki bu lazımdır. Biz yalnız müəyyən bir qrupun yox, bütün rusiyalıların hüquqlarını müdafiə edirik — hətta polis əməkdaşlarının belə. Mən əminəm ki, onlara da internet bloklamaları kimi məsələlər xoş deyil. Bəli, riskləri anlayırıq. Amma başqa cür mümkün deyil. Siyasəti görməməzlikdən gəlmək olar, amma siyasət artıq səni görürsə, onda nə etməlisən?”
Musavat.com