Bu gün paytaxtda möhtəşəm idman hadisəsi – “Bakı Marafonu 2026”ya start veriləcək.
90deqiqe.Az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan yarış hər il olduğu kimi bu dəfə də minlərlə iştirakçını bir araya gətirir. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin təmsilçiləri də qalibiyyət uğrunda mübarizə aparırlar.
Yarışın sosial əhəmiyyəti də xüsusi vurğulanır. Belə ki, builki marafonda fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar da fəal şəkildə yer alıblar.
Rəsmi start saat 10:00-a təyin olunsa da, artıq səhər saatlarından etibarən Dövlət Bayrağı Meydanı ərazisində marafon ab-havası hiss olunub. Atletlər zonasında iştirakçılar üçün yoqa və isinmə məşqləri keçirilib, “fan zona”da isə DJ çıxışları, müxtəlif əyləncə proqramları və interaktiv oyunlar təşkil edilib.
Qeyd edək ki, sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” bu il ilk dəfə olaraq 42 kilometrlik tam məsafəni əhatə edir. Yarış Dövlət Bayrağı Meydanından start götürəcək və iştirakçılar marşrut üzrə hərəkət edərək finiş xəttini "Sea Breeze" ərazisində keçəcəklər.