AZ

“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” - FOTO+ÖZƏL

“Dünyasını dəyişən görün nə qədər sənətkarlar var. Heç olmasa həftədə 1-2 dəfə onların çəkildiyi film və tamaşalar efirdə göstərilsin, müzakirələr getsin. Söhbət təkcə Yaşardan getmir. Yenə də Yaşarın çəkildiyi film və tamaşalar ara-sıra nümayiş etdirilir. Bu həm də təbliğatdır. Bizim Teleteatrımız var. O vaxt orada hər-hansısa mövzuda verilişlər edirdilər və məktəbli uşaqları, universitet tələbələrini müzakirələrə dəvət edirdilər. İndiki gənclərə həqiqətən də ürəyim ağrıyır, yazığım gəlir. Gənclərin bir çoxu məlumatsızdır. Əgər valideyn evdə təbliğ edirsə, o uşaq bilir. Hər valideyn axı uşağına bunları demir. Klassikanı mütləq bilmək lazımdır. O gün mallardan birindəydim. Gördüm ki, satıcı bizə yad olan bir musiqiyə qulaq asır. Soruşdum ki, bu musiqi sənə xoşdur?! Dedi ki, hə. Klassika ilə maraqlanıb-maraqlanmadığını soruşub, Məşədi İbadın kim olduğunu sual verdim. Dedi ki, tanımıram. Dedim ki, heç utanmırsan, ayıb deyil?! Hər şeyin öz yeri var. İnsan birinci öz klassiklərini tanımalıdır, sonra başqa ölkələrin musiqisinə qulaq asmalıdır və onları tanımalıdır. Üzeyir Hacıbəyovun, Qara Qarayevin kim olduğunu soruşuram tanımır. Amma orada işləyir”.
 
Bunu Moderator.az-a görkəmli sənətkar Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva deyib.
 
O daha sonra əlavə edib:
“Gənc aktyorların əksəriyyəti çox zəifdir. Amma teatrda çalışan yaşlı nəsil aktyorlar çox güclüdürlər. O dəqiqə bilinir ki, məktəb keçiblər, mədəniyyəti sevirlər. Cavan efirə çıxır, nəsə deyir, özü gülür. Ad da qoyur ki, sənətkaram. Şeir oxuyur deyir ki, sənətkaram. Sən öncə sənətkar sözünə və adına layiq olmalısan. Küçədən keçən taksi sürücüsünə də gətirib bir mətn versən o gülməli oxuya bilər. Bu axı gülüş deyil. Söz çoxdur. Tamaşaların 90 faizində obraz seçimləri düzgün deyil. Bilmirəm bu da tanışlıq vasitəsilə olur? Yaxud da kimsə tapşırır onları? Eyni adamlar, eyni rollar. Aktyor tamaşanı oynayır, emosiya yoxdur. Sadəcə gözlə baxır. O nə deməkdir? Mən şəxsən utanıram”.
 
Rəhimə Nuriyeva Yaşar Nurinin 75 illiyinin təntənəli qeyd olunmasını arzulayır:
“Yaşarın 75 illiyidir. 2 ildir Mədəniyət Nazirliyi söz verib ki, Akademik Milli Dram Teatrının səhnəsində təntənəli şəkildə qeyd edəcəyik. Yaşara qarşı həmişə böyük hörmət və diqqət olub. Amma indi onu görmürəm. Bu təkcə Yaşara aid deyil. Ümumiyyətlə sənətkarlardan söhbət gedir. Nazirlikdən xəbər gözləyirəm. Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim. Mənim kimi sənətkar qadını qəbula düşə bilmir. Ya deyirlər ki, burada yoxdur, iclasdadır, sizi qəbul edəcək və s. Niyə də? Yəqin ki, onların öz sistemləri var. Nə ad günündə zəng edirlər, nə anım günündə, nə teatr və kino günündə.. Bu təkcə mənə aid deyil. Yaddan çıxmış görün nə qədər sənətkarlar var. Bir dəfə zəng edib ailələri ilə maraqlansınlar. Çox istərdim ki, dünyasını dəyişən sənətkarların təqaüdləri ailələrinə verilsin. Niyə də yox?! Bildiyimə və eşitdiyimə görə digər yerlərdə çalışan insanların təqaüdləri onların ailə üzvlərinə ödənilir. Təkcə mədəniyyət sistemində bu yoxdur. Bu diqqətdir də. Niyə də olmasın?!”, - deyə sənətkarın xanımı bildirib.
Seçilən
5
50
moderator.az

2Mənbələr