İngiltərə çempionatının 46-cı həftəsində Acun Ilıcalının sahibi olduğu "Hall Siti" "Norviç Siti" ilə üz-üzə gəlib.
Musavat.com xəbər verir ki, gərgin qarşılaşmada "Hall Siti" rəqibini 2:1 hesabı ilə məğlub edib.
"Hall Siti"yə qələbə qazandıran qolları 28 və 67-ci dəqiqələrdə Oliver Makberni vurub. "Norviç Siti"nin yeganə qolunun müəllifi isə 26-cı dəqiqədə Ture olub.
Bu nəticə ilə xallarını 73-ə çatdıran "Hall Siti" mövsümü 6-cı pillədə başa vurub və Premyer Liqaya gedən yolda pley-offda oynamaq hüququ qazanıb. Komandanın yarımfinaldakı rəqibi isə "Milluoll" olacaq.
Final fitindən sonra "Hall Siti" azarkeşləri meydançaya axışaraq futbolçularla birlikdə qələbəni qeyd ediblər. Bu emosional anlarda klubun sahibi Acun Ilıcalı və həyat yoldaşı da sevinc gözyaşlarına hakim ola bilməyib. Onların yaşadığı duyğular kameralar tərəfindən qeydə alınıb və sosial mediada maraqla qarşılanıb.
Musavat.com