AZ

Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub -FOTO

Macarıstanın MVM Upstream Private Limited Company şirkətinin Azərbaycan üzrə baş icraçı direktoru József Goldfarb, MOL Azerbaijan şirkətinin icraçı direktoru Attila Somfai və Women in Energy Association beynəlxalq təşkilatının nümayəndələrinin iştirakı ilə “Neft Daşları”na səfər təşkil olunub.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Ulu Öndərin adını daşıyan muzeylə tanışlıq zamanı qonaqlara onun Azərbaycanda neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı, eləcə də bu sahədə həyata keçirilən strateji layihələri əks etdirən tarixi fotolar barədə ətraflı məlumat verilib.

Səfər zamanı görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış memorial kompleks və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş neftçilərin xatirə abidəsi ziyarət olunub. Nümayəndə heyəti şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.

Qonaqlar həmçinin “Neft Daşları”nın 30 illiyinə həsr olunmuş kompozisiya ilə tanış olub, sənaye şəhərciyinin keçmiş və müasir dövrünü əks etdirən fotostendlərə baxıblar. Onlara dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu, onun tarixi və istismar dövrü barədə təqdimat da edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Xəzərdə yerləşən ilk insansız platformalardan biri olan Abşeron İHS platformasının “Neft Daşları”ndakı Mərkəzi İdarəetmə otağında olub, həmçinin 418 saylı estakadayanı meydançaya baxış keçiriblər.

Qonaqlar “Neft Daşları”nda həyata keçirilən əməliyyatlar, müasir idarəetmə sistemləri və Xəzərdə neft-qaz hasilatı sahəsində tətbiq olunan innovativ yanaşmalar barədə də məlumatlandırılıblar.

Seçilən
23
ikisahil.az

1Mənbələr