AZ

Azərbaycanın ABŞ dəki səfirliyi “Passport DC” festivalında təmsil olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Vaşinqton, 1 may, AZƏRTAC

Vaşinqton şəhərində keçirilən “Passport DC – səfirliklər ətrafında dünya turu” festivalı çərçivəsində Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi qapılarını yerli və xarici auditoriya üçün açıb.

AZƏRTAC-ın məlumatına görə, hər il ənənəvi olaraq təşkil edilən bu tədbir müxtəlif ölkələrin mədəniyyətlərinin tanıdılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.

Tədbir çərçivəsində Vaşinqton şəhərinin katibi Kimberli Beset Azərbaycan səfirliyini ziyarət edib. Ziyarət zamanı o, Azərbaycan mədəniyyəti və milli mətbəxi ilə yaxından tanış olub.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ-nin 250 illik yubileyi və ABŞ–Azərbaycan ikitərəfli münasibətlərinə həsr olunmuş, azərbaycanlı rəssam Nübar Əzimova tərəfindən hazırlanmış rəsm əsərini qonağa təqdim edib.

Təqdimat zamanı səfir Xəzər İbrahim bildirib ki, bu məqam xüsusi rəmzi məna daşıyır. Təqdimatın keçirildiyi ərazidəki ağac Azərbaycanın ABŞ-də ilk səfiri olmuş Hafiz Paşayev tərəfindən əkilib. Səfir vurğulayıb ki, hazırda Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinin rektoru olan Hafiz Paşayev ölkəmizin ABŞ-də ilk səfiri kimi ABŞ–Azərbaycan dostluğunun və bu gün mövcud olan strateji tərəfdaşlığın əsasının qoyulmasında mühüm rol oynayıb.

Səfir Xəzər İbrahim, həmçinin həmin gün Hafiz Paşayevin 85 illik yubileyinin qeyd olunduğunu bildirərək, rəsm əsərini onun əkdiyi ağacın önündə həm onun, həm də öz adından təqdim etdiyini vurğulayıb.

Sonra tərəflər mədəni əməkdaşlığın əhəmiyyəti və bu kimi təşəbbüslərin ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfə barədə fikir mübadiləsi aparıblar.

Kimberli Beset Azərbaycan səfirliyinin bu kimi tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirib.

Tədbir çərçivəsində azərbaycanlı icma üzvləri tərəfindən milli rəqslər nümayiş olunub, musiqi proqramı təqdim edilib. İştirakçılara milli geyimlər təqdim olunub, onların tarixi və xüsusiyyətləri barədə məlumat verilib.

Azərbaycan səfirliyinə 1000-dən çox ziyarətçi gəlib. Qonaqlara Azərbaycanın qədim tarixi, multikultural dəyərləri, incəsənəti, musiqisi, milli adət-ənənələri və turizm potensialı barədə geniş məlumat təqdim olunub, müxtəlif çap materialları paylanılıb. Ziyarətçilər, həmçinin ölkəmizin müasir inkişafı və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olublar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

2Mənbələr