Əli Mustafa: “Azərbaycan idmançılarına qarşı ədalətsizliklərin olması onu göstərir ki, Avropada irqçilik var”
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlət başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Avropada keçirilən yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsizliyin kökündə nə dayanır? Ola bilərmi ki, bu, bəzi Avropa dövlətlərinin, Avropa İttifaqının bəzi qurumlarının ölkəmizə münasibətdə yeritdikləri qərəzli siyasətlə əlaqəlidir və bundan qaynaqlanır?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, idman sərhəd tanımadığı üçün normalda idman yarışları obyektiv qiymətləndirilməlidir: “İdman yarışlarında milli, dini, etnik, irqi ayrı-seçkilik qoyulmamalıdır. Ancaq çox təəssüf ki, bu sahədə də ədalətsizliklər var. Avropada keçirilən yarışlarda Azərbaycan idmançılarına münasibətdə özünü göstərən ədalətsizliklər çoxfaktorlu məsələdir. Bu yarışları idarə edən hakimlərin kimliyi, hansı cinahda durması, hansı siyasi-dini ideoloji dəsti-xətti dəstəkləməsi də önəmli məsələdir. Ancaq ümumən götürsək son illər bəzi Avropa təsisatlarında Azərbaycana qarşı qərəz idmana da sirayət edir. Belə bir şəraitdə Azərbaycan idmançılarına qarşı da ədalətsizliklərin olması onu göstərir ki, Avropada irqçilik var. Bu, bir daha onu sübut edir ki, Avropada irqçilik, milli-dini zəmində ayrı-seçkilik var. Xüsusən də müsəlman ölkələrindən olan idmançıların yarışlarda uğur qazanması bəzi dairələri qıcıqlandırır. Onların idman uğurları müəyyən dairələri o qədər də məmnun etmir. Yəqin ki, bu, dini-irqi ayrı-seçkiliyin təzahürüdür. Yoxsa bunu başqa cürə qiymətləndirmək əlbəttə ki, çətindir. Belə hallar istisna hal təşkil etsə, bunu hardasa fərdi amillərlə əlaqələndirmək olar. Yəni bu, hansısa hakimlərin qeyri-obyektivliyi ilə bağlı ola bilər. Ancaq bu, tendensiyadırsa, deməli bu, alt qatda oturan bir problemdir. Burada mili-dini, irqi ayrı-seçkiliyin təzahürləri özünü göstərir. Bütün çətinliklərə baxmayaraq, bizim idmançılarımız Avropa yarışlarında iştirak etməlidir. Ola bilsin ki, Avropa cəmiyyətlərinə inteqrasiyanın özü də bir az ağır prosesdir. Ancaq bütün hallarda görünən odur ki, Avropa hələ də o evolutsiyanı yetərincə uğurla keçməyib. Hər halda biz bu şəraitə, mühitə adaptasiya olmalıyıq. Haqqımızı tələb etməliyik. Dünyanın heç də ədalətlə idarə olunmadığını bilirik. İdmançılarımız yalnız tatamı üzərində deyil, həm də sonadək mübariz olmalıdırlar və haqlarını tələb etməlidilər. Görsək ki, Avropada bu ədalətsiz yanaşmalar düzəlmir, o zaman idman yarışlarından imtina məsələsini yenidən nəzərdən keçirmək olar”.
Vidadi ORDAHALLI