ain.az bildirir, Sherg.az portalına istinadən.
"Uşaq 5 dəqiqə gözümüzü oğurlayıb pulu qayçı ilə kəsib. Bunu nə edə bilərəm? Hər hansısa Bank dəyişər?"
Bakıda yaşayan bir vətəndaşın bu müraciəti diqqət çəkib. O bildirib ki, azyaşlı övladı bir anlıq diqqətsizlikdən istifadə edərək evdə olan pul əskinasını qayçı ilə kəsib. Nəticədə yararsız hala düşən əskinasın dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı sual yaranıb.
Bəs, bununla bağlı qanunlarımız nə deyir? Qeyd edək ki, Azərbaycanda zədələnmiş milli valyuta əskinaslarının dəyişdirilməsi qanunvericiliklə tənzimlənir və bu proses həm kommersiya banklarında, həm də Azərbaycan Respublikası Mərkəzi Bankı vasitəsilə həyata keçirilir.
İstənilən kommersiya bankına (Kapital Bank, ABB, Pasha Bank və s.) müraciət etmək olar. Banklar belə əskinasları qəbul edib yoxlayır.
Əgər bank qəbul etməsə, birbaşa Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmək mümkündür. Orada ekspertiza edilir və qərar verilir.
Qaydalara əsasən, əskinasın əsas hissəsi (adətən 50-60 faizdən çoxu) qorunub saxlanılırsa və pulun həqiqiliyi təsdiqlənirsə, o zaman həmin vəsait nominal dəyəri ilə dəyişdirilə bilər. Əskinaslar əvvəlcə banklar tərəfindən yoxlanılır, daha mürəkkəb hallarda isə Mərkəzi Banka ekspertiza üçün göndərilir.
Qurumdan bildirilib ki, zədələnmiş pul nişanlarının dəyişdirilməsi vətəndaşlar üçün ödənişsiz xidmət hesab olunur. Kommersiya bankları da daxili prosedurlar çərçivəsində belə müraciətləri qəbul edərək müvafiq qərar verə bilirlər.
Mütəxəssislər qeyd edir ki, əgər kəsilmiş əskinasın hissələri tam saxlanılıbsa və birləşdirilməsi mümkündürsə, onun dəyişdirilməsi ehtimalı yüksəkdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.