Bakı şəhərinin müasirləşən siması və yeni Baş Planın icrası daşınmaz əmlak bazarında yeni bir investisiya dalğası yaradıb. Sovet dövründən qalan, istismar müddətini çoxdan başa vurmuş “xruşşovka” layihəli binaların mərhələli şəkildə söküləcəyi xəbəri, həm investorların, həm də fürsətçilərin diqqətini bu köhnə tikililərə yönəldib. Bir çox şəxs gələcəkdə həyata keçiriləcək söküntü prosesindən maksimum mənfəət əldə etmək – daha böyük yaşayış sahəsi, təmir xərcləri və kirayə kompensasiyası qazanmaq məqsədilə kütləvi şəkildə bu mənzilləri almağa başlayıb. Bu artan maraq isə “xruşşovka”ların bazar dəyərinin süni şəkildə yüksəlməsinə gətirib çıxarıb. Ekspertlərin fikrincə, mərkəzi ərazilərdə yerləşən köhnə mənzillərin söküntü sonrası dəyəri ilkin alış qiymətindən 35-60% daha çox ola bildiyi üçün bu növ alışlar hazırda ən gəlirli yatırım vasitələrindən biri hesab olunur. Lakin bu tendensiya risklərdən də xali deyil; bəzi binaların texniki vəziyyəti söküntünü illərlə gecikdirə bilər ki, bu da investorun vəsaitinin uzun müddət dondurulması deməkdir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə ekspert Camal Abuşov bildirib ki, “xruşşovka”lara olan bu axın bazarın təbii reaksiyası olsa da, alıcılar ehtiyatlı davranmalıdır: “Bakının Baş Planına əsasən paytaxtın köhnə mənzil fondunun yenilənməsi qaçılmazdır və bu reallığı görən investorlar risklərini sığortalamaq üçün söküntü ehtimalı yüksək olan binalara üz tuturlar. Köhnə binadakı darısqal mənzilin əvəzində yeni tikilidə daha geniş, müasir standartlara cavab verən mülkiyyət sahibi olmaq perspektivi alıcılar üçün çox cəlbedicidir. Bu gün 190-200 min manata alınan ‘xruşşovka’ mənzili, bina plana düşdüyü təqdirdə sahibinə 300 min manatlıq aktiv və əlavə imtiyazlar qazandırır. Lakin yadda saxlamaq lazımdır ki, hər ‘xruşşovka’ eyni sürətlə plana düşməyə bilər və süni şəkildə şişirdilmiş qiymətlər bəzən gözlənilən qazancı sıfıra endirir”.
Onun sözlərinə görə, mənzil alarkən yalnız şayiələrə deyil, binanın real texniki vəziyyətinə və yerləşdiyi zonanın perspektivinə diqqət yetirilməlidir: “İnvestorlar çox vaxt bina təhvil verilənədək ödənilən kirayə haqlarını və əlavə kvadratmetr üstünlüklərini hesablayaraq bu addımı atırlar. Bu, bir növ ‘zəmanətli qazanc’ kimi görünsə də, söküntü müddətinin uzanması və ya tikinti şirkəti ilə razılaşma prosesində yaranan hüquqi çətinliklər mənfi təsir göstərə bilər. Xüsusilə mərkəzdən kənar ərazilərdə yerləşən, lakin qiyməti spekulyativ şəkildə artırılan binalardan mənzil alarkən diqqətli olmaq lazımdır. Əmlak bazarı həmişə yüksələn xətt üzrə inkişaf etsə də, plansız və sadəcə ‘söküləcək’ ümidi ilə edilən yatırımlar bəzən gözləntiləri doğrultmaya bilər. Odur ki, vətəndaşlar alış qərarı verməzdən əvvəl ərazinin şəhərsalma planındakı statusunu mütləq dəqiqləşdirməlidirlər”.
Tunar,
NOCOMMENT.az