AZ

Peşəkar Çövkən Liqasında 6-cı tur

Peşəkar Çövkən Liqasında 6-cı turun oyunları olub. Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, ilk oyun günündə “Şamaxı” “Omar”la oyunda hesabı açsa da üstünlüyünü fasiləyə kimi qoruya bilməyib. Bu azmış kimi ikinci hissədə vurulan 2 qol “Omar”a 3-1 hesabı ilə qələbə qazandırıb. “Elite” “Zəfər” oyununda birincilər rəqib qapısından 3-cü qolu keçirəndə sona 5 dəqiqə qalmışdı. Və oyunun müqəddəratı şübhə doğurmurdu. Amma “Zəfər” təslim olmayaraq meydanın mərkəzindən başlayan kimi əvvəlcə bu qollardan birinin əvəzini çıxdı. “Elite” nə baş verdiyini anlamamış rəqibdən daha bir zərbə aldı. Son saniyələrə kimi “Zəfər”in 2-3 hesablı məğlubiyyətdən qaçması üçün şansları olsa da bundan istifadə edə bilmədi. Turun ikinci oyun günündə əsas diqqət çəkən qarşılaşma “Buta qolden” və “Polad” komandaları arasında baş tutdu. Oyunun debütü bütalıların üstünlüyü ilə keçsə də “Polad” epizodlardan birində rəqib qapısına yol taparaq baxımlı qol vurdu. İkinci hissədə də oyunun senarisi dəyişmədi. “Buta qolden” hesabı bərabərləşdirmək üçün penaltini də qaçırdı. “Polad” isə əksinə, əlinə düşən şansından istifadə edərək daha bir dəfə fərqləndi və 2-0 hesablı qələbə qazandı. 

Digər 2 qarşılaşmada gözlənilməzlik baş vermədi. “Embawood” “Atilla”nın qapısından 7 top keçirdiyi turda, “Sərhədçi” “Xəzər”ə şans verməyib 6 dəfə fərqləndi.

6 turdan sonra “Sərhədçi” 18 xalla liderdir. “Polad” və “Embawood”un aktivində 15 xal var.

“Sərhədçi”nin yetirməsi Vahid Məmmədovun bu tur 5, “Embawood”un oyunçusu Elmir Əliyevin isə 3 qol vurması onları sərrast oyunçular siyahısında 12 topla şərik liderliyə yüksəldib.

Çövkən üzrə Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar bu turdan sonra liqada ay yarımlıq fasilə yaranır. Mütəxəssislər növbəti turların daha gərgin keçəcəyini proqnozlaşdıraraq buna fırtınaqabağı sakitlik kimi baxırlar.

Qabil YUSİFOĞLU
 XQ

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr