AZ

Azərbaycanda əmək haqqı sistemi dəyişir - deputat yeni yanaşmadan danışdı

Azərbaycanda son illərdə əmək bazarında gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. Qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq öhdəliklərin icrası və əmək münasibətlərində ədalətli yanaşmanın gücləndirilməsi bu sahədə aparılan siyasətin əsas istiqamətlərindəndir. Xüsusilə əməkhaqqı bərabərliyi və iş yerlərində bərabər imkanların yaradılması məsələsi həm dövlət, həm də cəmiyyət üçün diqqət mərkəzində olan məsələlərdən biridir.

Milli Məclisin son qərarına əsasən, eyni vəzifədə çalışan qadın və kişilər arasında əməkhaqqı fərqinin tətbiqi artıq qanunsuz hesab olunacaq.

Maraqlıdır, eyni vəziyyətdə qadın və kişi əmək haqqı fərqinin qadağan edilməsinə dair yeni qanun real gender bərabərliyini təmin etməyə kifayət edəcəkmi, yoxsa bu məqsəd üçün əlavə nəzarət və şəffaflıq mexanizmləri də zəruridir?

Moderator.az-ın sualını deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cavablandırıb. 

Millət vəkili qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təminatı ilə bağlı hüquqi baza kifayət qədər genişdir, bu sahədə zəruri qanunlar qəbul olunub və BMT-nin müvafiq konvensiyaları ratifikasiya edilib:

"Praktik olaraq Azərbaycanda eyni vəzifələrdə çalışan kişi və qadınların maaşları arasında fərq yoxdur. Sadəcə ümumi əməkhaqqı göstəricilərinə baxdıqda kişilərin qazancının daha yüksək görünməsinin əsas səbəbi yüksək maaşlı peşə və vəzifələrdə çalışan qadınların sayının nisbətən az olmasıdır.

Yəni fərdi qaydada eyni vəzifədə çalışan kişi və qadın eyni maaşı alır. Lakin ümumi statistikada fərq əsasən neft, kimya, metallurgiya, dağ-mədən sənayesi, tikinti sektoru və dövlət qulluğunun yüksək vəzifələrində qadınların az təmsil olunması ilə bağlıdır".

Musa Quliyev onu da qeyd edib ki, son dəyişikliklərə əsasən “Gender bərabərliyinin təminatları haqqında” qanuna “bərabər dəyərli iş” anlayışı da daxil edilib:

"Bu, Avropa Sosial Xartiyası və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının tələblərinə uyğunlaşdırma məqsədi daşıyır.
Burada söhbət yalnız qadın və kişi əməkhaqqı fərqindən deyil, həm də eyni və ya bərabər dəyərli işi görən bütün işçilərin əməkhaqqının ədalətli müəyyən olunmasından gedir.
Məsələn, eyni işi görən iki işçidən biri ofisdə, digəri isə evdən işləyirsə, onların əməyinin dəyəri eyni hesab olunmalı və əməkhaqqı da buna uyğun ödənilməlidir. 

Eyni zamanda fərqli işlər görsələr də, əgər nəticə etibarilə işin dəyəri bərabərdirsə, bu da əməkhaqqında nəzərə alınmalıdır.
Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil, eyni cinsdən olan və bərabər dəyərli iş görən işçilər arasında da əməkhaqqı fərqlərinin aradan qaldırılmasına xidmət edir.
Hazırda gender bərabərliyinin təmin olunması istiqamətində əlavə tədbirlər, qanunvericilik dəyişiklikləri və şəffaflığın artırılması ilə bağlı addımlar davamlı olaraq həyata keçirilir. Proses inkişaf etdikcə Azərbaycanın hüquqi bazası bu sahədə daha da genişlənəcəkdir".

Pərvin Şakirqızı

Seçilən
44
2
moderator.az

3Mənbələr