Son illər Azərbaycanda onkoloji xəstəliklərin sayı sürətlə artır.
Bu xəstəliklər artıq təkcə yaşlılarda deyil, hətta uşaqlar arasında da rast gəlinir. Xəstəliyin yayılması ilə yanaşı, ən ciddi problemlərdən biri onkoloji müalicənin yüksək maliyyə tələb etməsidir.
Xərclərin çoxluğu səbəbindən bəzi xəstələr müalicəyə gec başlayır, bəziləri prosesi yarımçıq saxlayır, bir qismi isə ümumiyyətlə, müalicədən imtina edir. Bu vəziyyət xəstəliyin ağırlaşmasına və ölüm göstəricilərinin yüksəlməsinə gətirib çıxarır.
Xüsusilə sosial baxımdan həssas ailələr üçün bu yük daha ağır olur və səhiyyə xidmətlərinə çıxış imkanları məhdudlaşır. Bu istiqamətdə dövlət tərəfindən yeni addımlar atılacağı gözlənilir. Belə addımlardan ən zəruri pediatrik onkoloji xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsidir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən açıqlama verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu artıq yaradılıb və hazırlıq işləri aparılır.
Məqsəd uşaqlarda onkoloji xəstəliklərin diaqnostikadan müalicəyə qədər olan mərhələlərdə daha əlçatan və tam şəkildə sığorta ilə qarşılanmasını təmin etməkdir. Buraya əhatə olunacaq yaş qrupları və xidmət paketinin detalları da daxildir.
Eyni zamanda, özəl tibb müəssisələrində onkoloji xidmətlərin göstərilməsi ilə bağlı da yeni yanaşma formalaşır. Yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri bu prosesə qoşula biləcək.
Dövlət hesabına onkoloji müalicə əsasən ixtisaslaşmış dövlət tibb müəssisələrində həyata keçiriləcək. Özəl sektor isə istəsə, könüllü sığorta mexanizmləri çərçivəsində bu xidmətləri göstərə biləcək.
Son dövrlərdə icbari tibbi sığorta sahəsində idarəetmədə də mühüm dəyişiklik baş verib. Prezident İlham Əliyevin imzaladığı Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin funksiyaları yenidən strukturlaşdırılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.
Mütəxəssislər bildirirlər ki, digər ölkələrdə olduğu kimi, onkoloji xəstəliklərin tam şəkildə icbari tibbi sığorta paketinə daxil edilməsi ölüm göstəricilərinə əhəmiyyətli təsir göstərə bilər.
Ən vacib təsir erkən diaqnostika və müalicəyə vaxtında çıxışın təmin olunmasıdır. Xəstələr maliyyə səbəbindən müalicəni gecikdirmədikdə xəstəliyin irəliləməsinin qarşısını almaq mümkün olur.
Eyni zamanda, müalicənin fasiləsiz aparılması, dərman və terapiyaya çıxışın genişlənməsi və xəstələrin müalicədən imtina hallarının azalması ümumi sağ qalma göstəricilərini yaxşılaşdıra bilər. Beynəlxalq təcrübə də göstərir ki, onkoloji xidmətlərin sığorta ilə tam əhatə olunması ölüm faizlərinin azalmasına və həyat keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edir.
Onkoloji xəstəliklərin tam şəkildə icbari tibbi sığorta paketinə daxil edilməsi ölüm göstəricilərini nə qədər azalda bilər?
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, onkoloji xəstəliklərin mərhələli şəkildə icbari tibbi sığorta paketinə daxil edilməsi planlaşdırılır:

“Bildiyiniz kimi, ölkəmizdə icbari tibbi sığorta artıq 4–5 ildir tətbiq olunur. İlk mərhələdə onkoloji xəstəliklərin nə müayinəsi, nə də bu xəstəliklə bağlı bir sıra prosedurlar sığortaya daxil edilmişdi. Lakin bu proses mərhələli şəkildə həyata keçirilir.
Artıq onkoloji xəstəlikdən əziyyət çəkən xəstələrimiz üçün bir sıra müayinələr – mental müayinələr, KT (kompüter tomoqrafiya), MRT (maqnit-rezonans tomoqrafiya) müayinələri və laborator analizlər icbari tibbi sığortaya daxil edilib. Yaxın gələcəkdə isə istər əməliyyatlar, istərsə də digər tibbi xidmətlərin də bu siyahıya daxil edilməsi planlaşdırılır”.
Onun sözlərinə görə, hazırkı planlamaya əsasən, 2027-ci ildə ilk mərhələdə uşaqlarda onkoloji xəstəliklərin diaqnostikasından müalicəyə qədər olan mərhələlərdə icbari tibbi sığortaya tam şəkildə daxil edilməsi nəzərdə tutulur:
“Bunun səbəbi onların onkoloji xəstəliklərdən daha çox əziyyət çəkməsidir. Daha sonra isə mərhələli şəkildə digər onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlər üçün bütün əməliyyatların, o cümlədən kimyaterapiya və şüa müalicəsinin də icbari tibbi sığortaya daxil edilməsi planlaşdırılır”.
Ekspert qeyd edib ki, onkoloji xəstəliklər təkcə ölkəmizdə deyil, bütün dünyada artmaqdadır:
“Buna görə də bu xəstəliklərin qarşısının alınmasında ən vacib amillərdən biri erkən diaqnostikadır.
Bu baxımdan, tək dövlət xəstəxanaları ilə deyil, həm də özəl tibb müəssisələrinin bu prosesə cəlb olunması müsbət haldır. Pasiyentlərin digər xəstəliklərlə müqayisədə əsas fərqi ondadır ki, onkoloji xəstəliklərdə təkcə əməliyyat kifayət etmir.
Əməliyyatdan sonra əlavə müalicə mərhələsi də tələb oluna bilər. Bəzi hallarda kimyaterapiya və digər əlavə müalicələr aparılır, bəzən isə müalicə həm cərrahi müdaxilə, həm də kimyaterapiya və şüa terapiyası ilə kompleks şəkildə həyata keçirilir.
Ölüm göstəricilərinə gəldikdə isə biz hər zaman qeyd edirik ki, onkoloji xəstələr bizə çox vaxt 3-cü və 4-cü mərhələdə müraciət edirlər. Nə qədər erkən mərhələdə müraciət olunsa və diaqnoz nə qədər tez qoyulsa, yaşama şansı da bir o qədər yüksək olur”.