AZ

İydəli kəndi də yer üzündən silinib

Qərbi Azərbaycan İcmasının mühüm tərkib hissələrindən olan Babacan kənd icmasının (Göyçə mahalı, Basarkeçər rayonu) təşkil etdiyi tədbirlərdən birində iştirak etdik. Bu cümlədə “mühüm tərkib hissələrindən olan” ifadəsini işlətməyimiz təsadüfi deyil. Çünki tarixçi-alimlər Babacan kəndinin “Kitabi-Dədə Qorqud” dastanındakı Baybican şəxs adı ilə bağlı olduğunu çoxdan sübut ediblər.

Xatırlatdığım tədbirdə adıçəkilən qurumun sədri, ötən əsrin doxsanıncı illərində “Xalq qəzeti”ndə humanitar şöbənin müdiri vəzifəsində çalışmış Əziz Ələkbərli ilə qısa söhbətimiz oldu. Əziz müəllim xatırlatdı ki, İttifaq Mirzəbəyli vaxtilə “Ermənistan türklərinin odisseyası” rubrikasından olan bir neçə yazı qələmə almışdı. Mən həmin yazıların təxminən 30 il əvvəl qələmə alındığını deyəndə həmsöhbətim əlavə etdi ki, həmin yazılar indi daha aktualdır: “Qərbi Azərbaycan mövzulu yazılar heç zaman köhnəlmir”. Beləliklə, hörmətli oxuculara 1997-ci ilin avqustunda öz kəndimizdə qələmə aldığım bir müsahibəni təqdim edirəm. O vaxt həmsöhbətimdən nə barədə soruşsaydım, Aşıq Ələsgərin sözləri ilə cavab verirdi.

“Göyçədən Qutqaşına atnan gəldim...”

Bir əsrdən çox yaşamış Abdulla dayı öz təvəllüdünü unutsa da, Göyçədə eşitdiyi Ələsgər qoşmaları yadındadır.

...Obalar, oymaqlar talan olanda, yurda dirək oğullar al qanına qəltan ediləndə, körpələr süngüyə, böyüklər gülləyə tuş gələndə, viran olmuş kəndləri, yerində kösöv qaralan ev-eşiklərini görə bilməyən “göyçəlilər dağıldılar Göyçədən”. Kimin yolu hara düşdü, Allah bilir. Azərbaycanın hər yerində məskunlaşdılar. Söhbət 1918-ci ilin yazından gedir. Abdulla kişi də – o zaman cavan oğlan idi – qədim Qəbələnin (əsrin əvvəlində Qutqaşın adlanırdı) Çarxana (çahar xana – dörd ev), oradan isə indi də yaşadığı Mirzəbəyliyə köçmüşdü.

– Danış Abdulla dayı, o illər yadında necə qalıb?

– Göyçədən danışımmı?

– Göyçədən danış.

– O vədə ki, gəldim sizə,

Müştaq oldum ala gözə.

Zibilin qalxıbdı dizə

Külündən xəbərin varmı?

Ələsgər qoşqusudur. “Göyçə” deyəndə Ələsgərnən başlanır.

– Əvvəlcə harada doğulub-böyüdüyünüzdən danışın.

– 99-cu ildə (XIX əsri nəzərdə tutur-red.) İydəlidə doğulmuşam. İydəli kəndimizin adıdır. Göyçədədir. 1918-ci ildə bura gəlmişik. Yazıydı. 1917-ci ildə dava oldu. Erməni – müsəlman davasını deyirəm. Bir il sonra da dağılışdıq. Gəldik, qaldıq Çarxanada. Sonra da gəldik Mirzəbəyliyə.

– Sizin qohumlardan davada ölən oldumu?

– Bəs necə? Atam öldü. Səngərdə güllə sinəsindən keçmişdi. İydəlidə basdırdıq. Güllə dəyəndən sonra heç bir saat yaşamadı.

– Göyçədə təhsil almışdınmı?

– Quran oxumaq məktəbinə gedirdim.

– Kiminlə?

– Qardaşım Nağdəliynən.

– Bəs Nağdəli necə olıdu?

– Burdan 41-ci ildə müharibəyə apardılar. Qayıtmadı.

– Siz özünüz də müharibəyə getmişdinizmi? Sovet – alman müharibəsini deyirəm.

– Bəs necə? 42-də də mən getdim. Qara çayda nemeslər gəmimizi batırdılar (Qara dəniz ola bilər – İ.M.). Bir ağdamlı Həsən vardı. Yaman qoçaq adam idi. Onnan mən sağ qaldıq. Müharibədən sonra bir urusnan evlənib gəldim.

– Yenə də Ermənistanda keçən günlərdən danışın.

– Mənim yaşım yüzdən çoxdur. İndiyə qədər yadımda nə qala bilərdi?

– Heç olmazsa. Bacı-qardaşlarınızı necə gətirdiyinizi danışın.

– Fatma da, Salatın da böyük uşaqlar idi. Özləri gəldilər. Böyük qardaşım İboş da gəlmişdi. Rəhmətlik Temirin atası. Onu tanırdınmı? Kəlimiz, arabamız, kotanımız var idi. Qızlar böyüdülər, burda ərə getdilər. Sonralar kolxozçuluq dövrü oldu. Çox adamı “kulak” eliyib tutdular. Qalanlar da daha heç yerə getməyib burada yaşadılar.

– Yenə də Göyçə barədə danışın...

– Gözəllər endilər çaya,

Camalın oxşatdım Aya.

Qatardan ayrılmış maya,

Nərindən xəbərin varmı?

Göyçə budu dana.

– Abdulla dayı, özün də şeir yazmısanmı?

– Nə vaxt?

– Elə qaçqınlıq illərində.

– Yox əşşi. Qaçqınlıq illərində mən böyük uşaq idim. Şeirə uşaqlıqdan başlayarlar.

– Amma çətin günlərinizdən danışmadınız.

– Çətin günlərimiz Sibirdə keçib. Beş il sürgündə olmuşam. İrkutskda. Müharibədən əvvəlki illər idi.

– Günahınız nə idi?

– Günahım olsaydı buraxmazdılar da. Rəhmətlik Molla Alcanı da İrkutskda gördüm. O, qaçqın deyildi, bu kənddən idi.

– Bəs ananızdan danışmadınız.

– Atam İydəlidə öldü. Onu dedim. Anam isə burda öldü. Mirzəbəylidə basdırdıq. Bu tərəfdə (əli ilə bir az cənub tərəfi göstərir), çayın qırağında qaçqınlar qəbiristanlığı var. Anamı da orda basdırmışıq, qardaşım İboşu da. Sonra da ki, kənddi dana, o qədər ölən olub ki. Gəlmələri deyirəm.

– Qaçqınlar çox idimi?

– Əvvəl o qədər də çox deyildik. Biz gələndən otuz il sonra yenə də bu kəndə Ermənistan qaçqınları gəldilər.

– Çarxanada ilk günlər kimin evində qalırdınız?

– Hacıməmməd kişigildə, Dursun gildə. İndi ölüblər.

– Bu kənddə Məşədi İsmayıl kişi deyilən qaçqın da var idi. O da sizin qohumlardan idi?

– O mənim dayım idi. Çoxdan ölüb. Əmim Məşədi Ələkbər, atamın bacısı oğlu Ələsgər... çox idik. Onlar da burda ölüblər.

– Burda ilk vaxtlar kimlərlə münasibətiniz oldu?

– Qısacasını deyim. Qaçanda, at belində bura gələndə mal-qaramızı da gətirmişdik. Torpağımız, ev-eşiyimiz erməniyə qalsın deyə mal-qaramızı gətirməyə mane olmamışdılar. Əkin-biçinnən məşğul olurduq. Burda bir İsmayıl vardı.

– O, mənim babam idi.

– Hə, şivərək, hündürboy oğlan idi. Gedib ondan mal alırdım, kəl alırdım.

– Yəqin baha satmırdı.

– Yox. Əvəzində buğda, saman, ot verirdim. Mal-qarası çox idi. İsmayılın üç oğlu vardı. Mayıl, Məmmədcan, Məjmi. Bu Məmmədcanın bir anası vardı ki, mənəm deyən kişilərdən həm qeyrətli, həm də qüvvətli idi. Bir dəfə kəl arabasıynan buğdanı aparıb tökdüm həyətə. Bu qadın dolu çuvalları götürüb bir-bir dama çıxartdı. Çünki uşaqları çuval qaldıra bilməzdi. Gözümnən gördüm, mən imanım.

– Siz dostluq edəndə İsmayıl kişinin uşaqları böyük deyildi?

– Mayılın 12 yaşı olardı. Məmmədcanın isə doqquz, ya da on. İndi kənddə Abid kişi var. Ağsaqqal deyirlər. Yaşı doxsandan çoxdu. O məndən xeyli cavandı. Mən onun atasından kəl arabası alıb işlətmişəm. Atası Manaf kişi ban bağlayan usta idi.

– İstəyirəm yenə Göyçədən danışasınız.

– Nə danışım? Keçmiş illərin söhbətidir. Mən də qoca adamam. Yadımda qalan odur ki, camaatı məscidə yığıb, məscidi yandırmışdılar. Adamları nizədən keçirirdilər. Ermənilər bizimkilərin qanını içirdilər. Atam Kərbəlayi Kərəm səngərdə yatıb ermənilərin qabağını kəsmişdi. Yaxşı atırdı. Xeyli atışmadan sonra ermənilərin səsi kəsilib. Bu kişi də gözləyib, görüb ki səs yoxdur. Durub ayağa. Sən demə, namərd oğlu pusurmuş. Kişi ayağa duran kimi sinəsindən vurmuşdular. Güllə sinəsindən keçsə də hələ bir saat can verməmişdi. Çox möhkəm kişi idi. Sonra gördük bacaqmaq mümkün deyil, onda qaçdıq.

– Burdakı kolxoz illərindən danışın.

– Kolxoz illərində kəl arabasıynan Ağdaşa tədarük daşıyırdıq. Bir səfərdən söz açım. Kolxoz hələ təzə idi. Demək olar ki, otuz arabaynan getmişdik. Ağdaşda çayxanada oturmuşduq. Çay içirdik. Gördük ağ köynəkli iki adam gəlir. Gəlib dedilər ki, salamməleyküm. Dedik əleykümsalam. Dedilər ki, bizim atlara bir-iki girvənkə saman verə bilərsinizmi? Savalanlı Molla Əzim kişi də orada karvansara sahibi idi. Molla Əzim saman istəyənlərə dedi:

– Sizdə günah yoxdur. Ağ köynək tikənin dədəsinin... Çıxıb getdilər.

– Kişini niyə söydü ki?

– Yarım kilo saman almağa gücü çatmayan adam ağ köynək geyinib o qədər fors eliyərdi?

– Ağdaşa nə aparırdınız?

– Fındıq. Burda fındığın kilosu 5-6 qəpik idi, Ağdaşda 25-30 qəpiyə gedirdi. Kolxoz satırdı.

– İndi bu Nəsibin, İbrahim müəllimin anasıyla evlənməyinizi danışın.

– Düzüb-qoşmasan, danışaram.

– Düzüb-qoşmaram.

– Bunların anası mənim doqquzuncu arvadım idi. Allah rəhmət eləsin. Adı Güldənə idi. İndi uşaqların hamısının ailəsi, ev-eşiyi var. Mən də böyük oğlumnan, İbrahim müəllimnən yaşayıram.

– Hansısa kənd işinə, təsərrüfatla bağlı işə gedirsənmi?

– Gedirəm ey, amma yüz yaşda nə iş... Onu deyim ki, gözüm yaxşı görsə, işləyə bilərəm. Yenə də malları açıram, bağlayıram. Naxıra süsürəm. Belə daaa.

– Hərdən Göyçə yadınıza düşürmü?

– Düşür. Düşəndə də deyirəm ki:

Abbas deyər bu sözləri sərindən,

Arxın işlə, suyun gəlsin dərindən.

El bir olsa, dağ oynadar yerindən

Söz bir olsa, zərbi kərən sındırar.

...Cığırlar kəsişmir, “qucaqlaşırdılar”.

Abdulla dayı ilə (elə familiyası da Abdullayevdir) çox söhbət elədik. Daha çox Göyçə barədə eşitmək məqsədi ilə tez-tez uşaqlıq, gənclik illərini yadına salırdım. Mən söhbəti o səmtə yönəldən kimi Aşıq Ələsgərdən, Aşıq Abbasdan, Tahar Mirzədən (Tahir Mirzə) qoşmalar dedi, bayatılar söylədi. Təvəllüdünü unutmuş bu adam (özü deyir ki, 1899-cu ildə doğulmuşam, uşaqlarının dediyinə görə isə yaşı 110-dan çoxdur) Göyçə havalı çoxsaylı şeiri-sözü unutmur.

... Abdulla dayıgildən qayıdanda fındıq bağlarının arası ilə gedən cığırın başqa bir cığırla kəsişdiyini – “qucaqlaşdığını” gördüm. İkinci cığır da Abdulla dayıdan otuz il sonra Ermənistandan, həm də Göyçədən köçüb gəlmiş Əliş dayının həyətindən çıxırdı. Ermənistan deyəndə bu adamların doğulub böyüdükləri yurd, yurd deyəndə isti ocaq, ocaq deyəndə isə isti kül yadıma düşdü. Çevrilib soruşmaq istədim: “Külündən xəbərin varmı?”.

İttifaq MİRZƏBƏYLİ
Qəbələ, 25 avqust 1997-ci il
P.S. Bu yazı qələmə alınandan 30 il sonra müəllif Qərbi Azərbaycan İcmasının fəxri üzvü seçilib.

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr