AZ

Faraş Cəlilabad çiyələyi

Göytəpə şəhərindən Cəlilabad rayonunun mərkəzinə uzanan yolun hər iki tərəfində çiyələk sahələri göz oxşayır. Gəlirli bitki olduğundan rayonda çiyələkçiliyə maraq getdikcə artır. Statistik rəqəmlər mövcud dinamikanı aydın əks etdirir.

Dövlətimizin dəstəyindən yararlanan fermerlər bu il çiyələk əkinlərini 920 hektara çatdırıblar. 5 il əvvəl isə bu rəqəm cəmi 490 hektar olub. O vaxt sahələrdən 12 min 440 ton çiyələk yığılıb. Ötən il isə 650 hektar çiyələk sahəsindən 18 min 390 ton məhsul istehsal olunub.

Ölkəmizdə ən böyük çiyələk plantasiyaları Cəlilabad rayonunda yerləşir. Respublikamızda ilk dəfə olaraq 2022-ci il mayın 29-da Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahında çiyələk festivalı keçirilib.

Çiyələkçiliyin inkişafı rayon rəhbərliyinin diqqət mərkəzindədir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov fermerlərlə tez-tez iş başında görüşür, mövcud vəziyyətlə yaxından tanış olur. Rayonda fermerlərin çətinliklərinin həllinə qayğı göstərilir.

Qabaqcıl fermer Vüqar Musayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. Əvvəllər doğma Göytəpə kəndində taxıl, kartof əkib-becərib. 15 ildir ki, çiyələkçiliklə məşğul olur. 6 hektar çiyələk plantasiyası vardır. Bunun 4 hektarı perefol örtük altındadır. Mövsüm ərzində hər hektardan 25-30 ton məhsul götürür.

Vüqar Musayev söhbət zamanı dedi:

– Yaxşı becərəndə, aqrotexniki qaydalara düzgün əməl edəndə məhsuldarlıq daha yüksək olur. Zəhməti, xərcləri heç də az deyil. Dərman və gübrələrin qiymətləri, işçi qüvvəsi, nəqliyyat xərcləri ildən-ilə artır. Çiyələkçilikdə ilboyu iş var. Bir həftədir ki, yığım başlanıb. İndiyə kimi sahələrdən 5 ton məhsul yığılıb. Kilosunu 2,5-3 manata satmışıq. Kifayət qədər məhsulumuz var. İnanıram ki, yüksək nəticə əldə edəcəyik.

Fermer sonra qeyd etdi ki, dövlətimizin aqrar sektora diqqət və qayğısı sahibkarlara stimul, ruh verir. Bunun nəticəsidir ki, yeni iş yerləri yaradılır, məhsul istehsalı artır. Mövsüm ərzində təkcə onun rəhbərlik etdiyi təsərrüfatda 60 fəhlə çalışır. Qazancları da yaxşıdır.

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Fərid Mansurov çiyələkçiliyə marağın artdığını vurğulayaraq dedi:

– Son illər cəlilabadlı fermerlər Türkiyə və İtaliya təcrübəsi əsasında çiyələk təsərrüfatlarının yaradılmasına üstünlük verirlər. Çiyələk kolları yerdə deyil, istixana şəraitində xüsusi qaydada hazırlanmış yerüstü yataqlarda əkilir. Ənənəvi üsulla bir hektarda 60 min şitil, yeni metodla eyni sahədə 200 minə yaxın şitil əkilir.

Fermerlər daha çox “murano”, “montere”, “azia” kimi məhsuldar çiyələk sortları yetişdirirlər. Müasir texnologiyaların tətbiqi nəticəsində həm əkin yerinə qənaət edilir, həm də məhsuldarlıq yüksək olur. Bir hektar çiyələk sahəsindən 70 ton məhsul götürmək mümkündür. Rayonda çiyələk istehsalının 20 min tona çatdırılması planlaşdırılır.

Mövsüm başlanandan plantasiyalardan 1965 ton çiyələk yığılıb. Məhsulun 1488 tonu 114 “tır” yükdaşıyan nəqliyyat vasitələrilə xarici ölkələrə yola salınıb. Məhsulun yığımı, satışı və vaxtında daşınması təmin olunur.

 

Seçilən
43
1
xalqqazeti.az

2Mənbələr