AZ

İrəvanın “Hindistan çətiri”nə sığınması

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın Dehliyə səfəri və Hindistanın hərbi rəhbərliyi ilə keçirdiyi yüksək səviyyəli görüşləri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu hərbi əlaqələr artıq adi silah tədarükü çərçivəsini aşaraq, strateji müdafiə tərəfdaşlığına çevrilir.

Azərbaycanın milli maraqları kontekstində diqqətçəkən məqam tərəflərin hərbi texnologiyaların birgə işlənilməsi, Ermənistan ordusunun modernləşdirilməsi və müdafiə sənayesi zəncirinin inteqrasiyası istiqamətindəki hədəfləridir. Hindistanın rəsmi bəyanatları da təsdiqləyir ki, İrəvan, sadəcə, “alıcı” deyil, texnologiya transferi və birgə istehsalat proqramlarının fəal tərəfdaşı olmağa can atır.

Ermənistanın bu istiqamətdə aktivliyi təsadüfi olmayıb, daha çox hərbi asılılığı diversifikasiya və ordudakı mövcud kəskin boşluqları kompensasiya etmək cəhdidir. İrəvan Hindistan istehsallı silahların ölkə daxilində qismən istehsalı və ya inteqrasiyası imkanlarını nəzərdən keçirməklə, uzunmüddətli perspektivdə daha dayanıqlı hərbi model yaratmaq istəyir. Bu xüsusda müzakirələrin diqqətçəkən hissələrindən biri Hindistanın “Pralay” taktiki raket sistemi ilə bağlıdır. Ermənistan bu silahı əldə etməklə uzaqmənzilli zərbə imkanlarını artırmağı və strateji obyektlərə təzyiq potensialını gücləndirməyi hədəfləyir. Bəs bu, nə dərəcədə realdır? Əslində, əsas reallıq ondan ibarətdir ki, Azərbaycan artıq bu sinifdən olan İsrail istehsalı LORA kimi döyüşdə sınaqdan keçmiş və effektivliyi təsdiqlənmiş ən müasir sistemlərə malikdir. Bu baxımdan, Ermənistanın əldə edə biləcəyi potensial üstünlük real strateji dəyişiklik deyil, mövcud hərbi-texnoloji fərqin qismən azaldılması cəhdidir.

Danışıqlarda PUA-lara, HHM və antidron sistemlərinə göstərilən maraq da məhz bu məntiqlə izah olunur. Ermənistanın Hindistan istehsalı “Akaş” hava hücumundan müdafiə sistemlərinə yönəlməsi Azərbaycanın havada dominantlığını neytrallaşdırmaq məqsədi güdür. Xatırladaq ki, Ermənistan Hindistandan ümumilikdə 600 milyon dollar dəyərində 15 ədəd “Akaş” hava hücumundan müdafiə sistemi alıb. Lakin müasir dron hücumları çox mürəkkəbdir. Onlar eyni anda fərqli yüksəkliklərdən və müxtəlif sürətlərlə həyata keçirilir. Belə hücumlardan qorunmaq üçün gərək radar, elektron müdafiə və kəşfiyyat sistemləri bir-biri ilə uyğun şəkildə işləsin.

Azərbaycan dünyada belə bir vahid müdafiə sistemini quran nadir ölkələrdən biridir. Bu sistemin ən böyük xeyri odur ki, qərarlar dərhal verilir və düşmənə reaksiya anında göstərilir. Ermənistan kimi köhnə tipli ordular üçün bu sürətlə ayaqlaşmaq çox çətindir.

Ermənistan nə qədər yeni silah alsa da, əsas problemi həll edə bilmir. Çünki onlarda bu silahları vahid bir sistem halında birləşdirəcək təcrübə və texnologiya yoxdur. Azərbaycanın əsas fərqi isə bu sistemin artıq real müharibədə sınaqdan çıxması və özünü doğrultmasıdır. Bizim üstünlüyümüz təkcə hansısa bir silahla bağlı deyil, bütövlükdə ordunun müasir və sistemli işləməsindədir.

Şübhəsiz ki, Ermənistanın Hindistanla danışıqlar apararaq bu boşluğu doldurmaq cəhdləri – istər HHM sistemləri, istər antidron texnologiyaları, istərsə də xarici silah tədarükü olsun – əsas problemi, yəni sistemsizlik və inteqrasiya çatışmazlığını aradan qaldırmır. Azərbaycana qarşı hansısa üstünlük qazanmaq şansı mümkünsüzdür. Görüşlərdə, bundan əlavə, silahlı qüvvələrin modernləşdirilməsi ilə bağlı daha geniş tələblər də müzakirə edilib. Məlumata görə, Ermənistan Hindistanın uzaqmənzilli “hava-hava” tipli “Astra Mk1” raketinin əldə edilməsini və Su-30SM qırıcılarının modernləşdirilməsini nəzərdən keçirir. Beynəlxalq mediada yer alan məlumatlara görə, bu addım İrəvanın hava döyüşü imkanlarını müəyyən qədər artırmaq məqsədi daşısa da, hərbi ekspertlər bu növ modernizasiyanın təkbaşına hava üstünlüyü yaratmaq üçün kifayət etmədiyini vurğulayırlar. Ermənistanın Su-30SM parkı məhduddur və bu platformaların effektivliyi yalnız raketin keyfiyyəti ilə deyil, həm də ümumi komanda-idarəetmə sistemi, radar şəbəkəsi və kəşfiyyat inteqrasiyası ilə müəyyən olunur. Məhz bu nöqtədə struktur zəifliklər ortaya çıxır.

Onu da qeyd edək ki, İrəvan quru qoşunlarını gücləndirmək məqsədilə Hindistandan “Pinaka”, ATAGS və MARG kimi artilleriya sistemləri alıb. Bu sistem böyük “atəş gücü” kimi təqdim olunsa da, regional hərbi balansı köklü şəkildə dəyişməyə qadir deyil. Hindistan müdafiə sənayesi bu platformaları yüksək mobil və dəqiq sistemlər kimi xarakterizə etsə də, müasir hərb elmi fərqli reallığı diktə edir. Artıq artilleriyanın effektivliyi lülə sayında deyil, onun PUA, kəşfiyyat və real vaxt hədəfləmə sistemləri ilə sinxronlaşmasındadır. Azərbaycan ordusu bu inteqrasiya modelini artıq real döyüş meydanında sınaqdan keçirib.

Bakının artilleriya zərbələri, sadəcə, “atəş açmaq” deyil, hədəfi saniyələr içində məhv edən mütəşəkkil və intellektual zəncirin son həlqəsidir. Ermənistanın 1,5 milyard dolları keçən hərbi alışları isə keyfiyyət dəyişikliyinə deyil, “parçalanmış modernləşmə” modelinə söykənir. Fərdi platformaların vahid əməliyyat doktrinası olmadan alınması strateji üstünlük vəd etmir. Ermənistanın bu sistemsizliyi fonunda Azərbaycanın əsas fərqi fərdi silahlarda deyil, bütöv hərbi konsepsiyadadır. Çevik komanda strukturu, real döyüş təcrübəsi və PUA-ların kütləvi inteqrasiyası elə bir səviyyədədir ki, bunu, sadəcə, yeni silah alışları ilə qısa müddətdə kompensasiya etmək qeyri-mümkündür.

Mövzu ilə bağlı ekspert Mahir Zeynalov XQ-yə bildirdi ki, burda diqqətçəkən strateji məqam var ki, o da Dehlinin İrəvana satdığı hər bir hərbi detalı, qumbaradan tutmuş mürəkkəb raket sistemlərinə qədər mətbuatda geniş tirajlamasıdır. Onun sözlərinə görə, adətən hərbi sənayedə məxfi saxlanılan müqavilə detallarının bu dərəcədə şəffaflıqla, hətta nümayişkaranə şəkildə ictimailəşdirilməsi Hindistanın regionda, sadəcə, tədarükçü deyil, həm də yeni iddialı “silah ixracatçısı” olmaq niyyətindən xəbər verir.

Fransanın tətbiq etdiyi ssenarini təkrarlayan Hindistan, Ermənistanı bir növ “poliqon-reklam lövhəsi” kimi istifadə edərək, öz hərbi məhsullarını qlobal bazarda tanıtmağa çalışır. Dehli üçün bu, Cənubi Qafqazın təhlükəsizliyindən daha çox, “Made in India” brendinin hərbi sənaye seqmentindəki marketinq gedişidir. Lakin bu “reklam kampaniyası” regionda sülh və etimad mühitinə deyil, birbaşa silahlanma yarışına və süni gərginliyin artmasına xidmət edir. İrəvanın bu prosesdə alətə çevrilməsi regionun hərbsizləşdirilməsi perspektivlərini zərbə altına qoyur.

Ümumiyyətlə, Ermənistanın Hindistanla genişlənən əməkdaşlığı və kəmiyyət baxımından artan arsenalı Azərbaycanın hərbi-strateji üstünlüyünü sarsıtmaq iqtidarında deyil. Bakının illər ərzində formalaşdırdığı sistemli hərbi strategiya, yüksək texnoloji təminat və müasir döyüş şəraitində sınaqdan çıxmış inteqrasiya olunmuş əməliyyat modeli hazırda Cənubi Qafqazda sabitliyin real qarantıdır. Azərbaycanın müdafiə sistemi yalnız reaksiyaya deyil, hər hansı potensial təhdidi preventiv şəkildə neytrallaşdırmağa əsaslanır ki, bu da milli maraqlarımızın etibarlı qorunmasını təmin edir.

Pünhan ƏFƏNDİYEVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr