ain.az, Turkstan.az saytına istinadən bildirir.
Ahıllara və Tənhalara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-cı il tarixindən “Yüksək mənəvi dəyərlərin təbliği” layihəsinin icrasına başlayıb. Bu barədə İnformator.az-a İctimai Birliyin sədri Ruhiyyə Məmmədova məlumat verib.
Layihə rəhbəri bildirib ki, təşəbbüsün əsas ideyası yaşlı nəslin zəngin həyat təcrübəsini, mədəni irsini, adət-ənənələrini və milli-mənəvi dəyərlərini gənc nəsillə bölüşərək onların dünyagörüşünün formalaşmasına, tərbiyəsinə və vətənpərvərlik hisslərinin güclənməsinə töhfə verməkdir.
Layihə çərçivəsində müxtəlif yaş qruplarını bir araya gətirən interaktiv görüşlər, dəyirmi masa müzakirələri, muzey və teatr ekskursiyaları, Quba və Şəki rayonlarına səfərlər, eləcə də “Nənə və Nəvə” günləri və musiqi tədbirləri təşkil olunacaq. Bu görüşlər zamanı yaşlı nəsil nümayəndələri gənclərlə həyat təcrübələrini, milli-mənəvi dəyərləri, ailə ənənələrini, əməksevərlik, vicdanlılıq və vətənə sədaqət kimi keyfiyyətləri bölüşəcəklər. Gənclər isə öz növbəsində ahıl insanlara texnologiyalardan istifadə sahəsində dəstək göstərərək onların cəmiyyətə daha fəal inteqrasiyasına yardım edəcəklər.
Layihə həmçinin nəsillər arasında qarşılıqlı hörmətin, anlayışın və empatiyanın inkişafını hədəfləyir. Bu təşəbbüs gənclərdə milli kimliyə və mənəvi köklərə bağlılığı gücləndirəcək, sosial məsuliyyət hissini artıracaq və onların mənəvi dünyasının zənginləşməsinə şərait yaradacaq. Eyni zamanda, yaşlı insanlar da öz bilik və təcrübələrini bölüşməklə sosial aktivliklərini qoruyacaq, özlərini cəmiyyət üçün faydalı və dəyərli hiss edəcəklər.
Layihənin icra müddəti 1 may 2026-cı il tarixindən 31 iyul 2026-cı il tarixinədək nəzərdə tutulub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.