“Qədər və ya qəzanın dəyişməsi. Hər vaxtın bir yazısı var. Allah bu yazıdan istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası da Onun yanındadır." Rəd surəsi - 38-39.Yayda isti, qışda soyuq olması müəyyən qanunauyğunluqdan doğur. Lakin bəzən qışda isti yayda soyuq da olur. Bu, əvvəlki qanuna zidd görünsə də əslində ikinci də bir ayrı fiziki qanunauyğunluqdur. Daha doğrusu əvvəlkinin fərqli görünən tərkib hissəsidir”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, Allahın qədər və qəzası da belədir:
“Elə məsələlər də var ki, mütləq qədərdir: hər şeyin sonlu olması, hamının ölməsi kimi. Amma kimin nə vaxt ölməsi, hansı hadisənin haçan baş verməsi kimi hallar dəyişə biləndir. Aristotel deyirdi ki, insan taleyi su üzərində barmaqla yazılmış yazı kimidir. Yəni, yazıdır, amma axar suda barmaqla yazılmış yazı. İnsanın kəsb etdiyi əməllərə, davranışa görə bu yazı, qanunauyğun şəkildə dəyişə bilir ki, bu dəyişkənliyin özü də məhz yazıdır. Allahın insana verdiyi ixtiyar da yazıdır. İnsan taleyində yaşam, ölüm qəti və dəyişməz yazıdırsa, müəyyən məsələlərdə "özün seç" azadlığının verilməsi də yazıdır. Bu, Quranın təqdim etdiyi tale və qədərdir. İlahi təqdir insanın fəaliyyəti nəticəsində kəsb etdiyi əməllərlə fərqli istiqamət ala bilir. Bütün bunların isə qabaqcadan Allahın elmində olması, yəni onun bilməsi, hadisələri təşkil etmək, təhrik etmək mənasına gəlmir. Əvvəlcədən bir hadisənin nəticəsini, bir şəxsin aqibətini bilmək, o hadisəni törətmək yaxud təşkil etmək demək deyil”.
Vasif ƏLİHÜSEYN