Laçın, 2 may, AZƏRTAC
Qarabağda həyata keçirilən işlər çox müsbət təəssürat yaradır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edən Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov bildirib.
O qeyd edib ki, bu cür səfərlər diplomatik korpus üçün bölgədə aparılan bərpa və quruculuq işlərini yaxından görmək baxımından mühüm əhəmiyyət daşıyır.
Səfir vurğulayıb ki, Slovakiya Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) yüksək səviyyədə təmsil olunacaq: “Forumda Slovakiyanın baş nazirinin müavini və regional inkişaf naziri iştirak edəcək. Bundan əlavə, may ayında parlament spikerinin, eləcə də ölkə Prezidentinin Azərbaycana rəsmi səfərləri planlaşdırılır. Slovakiya Prezidentinin Qarabağa səfəri də nəzərdə tutulur”.
O, həmçinin bildirib ki, Slovakiya şirkətlərindən biri Qarabağın bərpasında iştirak edir və Ağdam rayonunda kənd tikintisi layihəsinə cəlb olunub.
Səfir əlavə edib ki, Azərbaycan və Slovakiya arasında əməkdaşlıq perspektivləri genişdir: “Biz müdafiə sənayesi və infrastruktur layihələri sahəsində uğurla əməkdaşlıq edirik. Azad edilmiş ərazilərdə də bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur”.