AZ

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

"Luis Okampo adı Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Hər zaman erməni lobbisinin maliyyəsi ilə Azərbaycan əleyhinə kampaniyaların əsas icraçılarından olan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo bu dəfə açıq şəkildə özünü ifşa edib. Belə ki, yayılan videomateriallarda Okampo açıq şəkildə etiraf edir ki, Azərbaycana qarşı hər zaman qərəzli mövqedə dayanan Avropa İttifaqı rəsmisi Cozef Borellə eyni cəbhədə olub. Hətta Ursula fon der Lyayenə də təsir etmək iqtidarındadırlar".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Könül Nurullayeva deyib. O bildirib ki, Okampo COP29 zamanı Erməni Milli Komitəsi ilə sosial media üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedənlərdəndir. Bir daha aydın olur ki, Okampo və onun oğlu Tomas uzun müddətdir siyasi sifarişlərin icrası ilə məşğuldurlar. Bu çirkli işlərin icrası üçün onlar özlərinə xüsusi şəbəkə qurublar. "Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula fon der Lyayenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür" deyən Okamponun etirafları sayəsində Avropa idarəçilik sisteminin təsir altında olmasına heç bir şübhə yeri qalmır. 

Deputat qeyd edib ki, bu şəbəkə hətta Ermənistanın daxili siyasi proseslərinə yönəlmiş müdaxilə planlarını da gizlətmir: "Videomaterialda Nikol Paşinyan hakimiyyətinin devrilməsi ilə bağlı konkret planların olduğu etiraf olunur. Məsələnin maliyyə tərəfinə gəlincə, burada Rusiyada fəaliyyət göstərən erməni mənşəli oliqarxların adı hallanır. Əslində, Avropa strukturlarında korrupsiyanın miqyası heç kəsə sirr deyil. Borelin kimə xidmət etdiyi də məlumdur". 

K.Nurullayeva vurğulayıb ki, Okamponun məqsədi Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dəki erməni lobbisi ilə əlaqəli şəkildə ölkəmizə təzyiqi artırmaqdır. Hər zaman olduğu kimi, burada da "insan hüquqları"ndan soyuq silah kimi istifadə olunur. Yeri gəlmişkən, bir müddət əvvəl Aİ-nin Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərməsi də bu kampaniyanın tərkib hissəsidir. "Bu, bir daha göstərir ki, Cənubi Qafqazda yeni reallıqları həzm etməyən, sülh prosesini pozmaqda maraqlı olan qərəzli qüvvələr var. Lakin Azərbaycan heç bir halda regionda bu destruktiv fəaliyyətin mövcud sülh vəziyyətini pozmasına imkan verməyəcək", - deyə deputat əlavə edib.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr