Berlin, 2 may, AZƏRTAC
Almaniyada 1 May - Beynəlxalq Əmək Günü ilə bağlı tədbirlərdə 360 mindən çox insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, Almaniya Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Əvvəlcə işimiz, sonra qazancınız” devizi altında 413 mitinq, nümayiş, yürüş və digər tədbirlər təşkil edilib.
Tədbirlərdə sosial haqlarla yanaşı, silahlanma əleyhinə və münaqişələrin qarşısının alınması ilə bağlı çağırış və tələblər səsləndirilib. Həmkarlar ittifaqları xüsusilə iş yerlərinin ixtisarına, sosial rifahın azaldılmasına, o cümlədən hökumət tərəfindən müzakirə edilən pensiya, səhiyyə və sosial müavinətlərin azaldılmasına qarşı etirazlarlarını bildiriblər.
Federal hökumətdə təmsil olunan Sosial Demokratlar Partiyasının (SPD) həmsədri, əmək və sosial məsələlər naziri xanım Berbel Bas Duysburqda təşkil olunan mitinqdəki çıxışında sosial dövlətin zəiflədilməsinin əleyhinə çıxaraq, onun həm vətəndaşların rifahını, həm də iqtisadi sabitliyi qoruyan əsas mexanizm olduğunu vurğulayıb. SPD-nin həmsədri, vitse-kansler və maliyyə naziri Lars Klinqbayl isə Berqkamendəki mitinqdə hökumətdə işçilərin maraqlarının müdafiəsinin davam etdiriləcəyini və əsas prioritetlərin sabit məşğulluqla yanaşı, həyatın əlçatanlığının təmin edilməsi olduğunu bildirib.
Qeyd edək ki, 1 May – Beynəlxalq Əmək Günü Almaniyada 1890-cı ildən etibarən müxtəlif formalarda qeyd olunur. 1933-cü ildən etibarən bu gün Almaniyada rəsmi dövlət bayramı elan edilib. Əmək Günü münasibətilə keçirilən aksiyalarda əmək hüquqlarına, sosial bərabərliyə və həmkarlar ittifaqlarının roluna dair müxtəlif tələblər səsləndirilir. Həmçinin ənənəvi şənliklər keçirilir, müxtəlif festivallar, bayram şənlikləri təşkil olunur.