AZ

Dizel maşınların şəhərə girişi qadağan oluna bilər? AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel mühərrikli avtomobillərin istifadəsinin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirib. Bu istiqamətdə müəyyən hazırlıq işlərinin aparıldığı qeyd olunur. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina istiqamətində addımlar atır və keçid prosesini tədricən həyata keçirməyə hazırlaşır. Azərbaycanda bununla vəziyyət nə yerdədir?Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, dizel mühərrikli avtomobillərin istifadəsi və onların qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı ən çox qərar qəbul edən region Avropa İttifaqı ölkələridir:"Almaniyada Berlin, Münhen, Hamburq və Ştutqart kimi şəhərlərdə Avro 4 və Avro 5-dən aşağı ekoloji standartlara cavab verən dizel avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Eyni zamanda Fransada və İspaniyada dizel və ümumilikdə daxili yanma mühərrikli avtomobillərin satışının 2035-ci ildən etibarən qadağan olunması planlaşdırılır. Norveç isə 2025-ci ildən etibarən bu tip mühərriklərin satışını mərhələli şəkildə məhdudlaşdırmağı hədəfləyir. Böyük Britaniyada 2032-ci ildən, Şotlandiyada isə 2040-cı ildən dizel mühərrikli avtomobillərin satışının dayandırılması nəzərdə tutulur. Niderland və İslandiyada da yaxın 10 il ərzində bu nəqliyyat vasitələrinin həm istifadəsinin, həm də satışının məhdudlaşdırılması ilə bağlı planlar mövcuddur".Ekoloqun sözlərinə görə, bu siyasətin əsas səbəbi dizel mühərriklərinin ətraf mühitə daha yüksək təsir göstərməsidir:"Onlar daha çox his və PM 2.5, PM 10 kimi xırda hissəciklər emissiya edir. Bu hissəciklər uzun müddət havada asılı qalaraq həm ətraf mühitə, həm də insan sağlamlığına ciddi zərər vurur. Məhz buna görə 2030–2035-ci illərdən etibarən dizel və ümumilikdə benzin mühərrikli avtomobillərin mərhələli şəkildə məhdudlaşdırılması istiqamətində Avropa ölkələrində ciddi tədbirlər planlaşdırılır. Azərbaycanda isə hələ bu istiqamətdə genişmiqyaslı məhdudlaşdırma tədbirləri tətbiq olunmayıb. Yalnız dizel və benzin yanacaqlarının qiymətlərinin yaxınlaşdırılması nəticəsində müəyyən təsir yaranıb və bu da dizel avtomobillərinə marağı qismən azaldıb. Gələcəkdə bu istiqamətdə hər hansı tədbirin görülüb-görülməyəcəyi barədə isə rəsmi və açıq məlumat yoxdur".Ekoloq deyib ki, Asiya ölkələrində də oxşar tendensiya müşahidə olunur:"Yaponiyada ekoloji normalara cavab verməyən dizel avtomobillərinin şəhərlərə girişinə məhdudiyyətlər tətbiq edilib. Çində və Sinqapurda da bu istiqamətdə ciddi tənzimləmələr həyata keçirilir. Kanada və ABŞ-də isə dizel mühərrikli nəqliyyat vasitələrinin şəhər daxilində istifadəsi getdikcə daha sərt qaydalarla məhdudlaşdırılır. Ümumilikdə bu prosesin əsas məqsədi havanın çirklənməsinin azaldılması və insan sağlamlığının qorunmasıdır. Lakin bu, asan proses deyil, çünki avtomobil sənayesi uzun illərdir bu texnologiyalara uyğun formalaşıb. Buna görə də keçidin mərhələli şəkildə, xüsusilə 2030-cu ildən sonra daha da sürətlənəcəyi gözlənilir", - deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
demokrat.az

1Mənbələr