AZ

Çağırışaqədərki hazırlıq müəllimləri daha çox keçmiş zabitlər olmalıdır Polkovnikdən TƏKLİF

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orta məktəblərdə hərbi və fiziki hazırlıq dərslərinə ayrılan vaxtın az olması Milli Məclisdə müzakirə mövzusu olub. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov məsələ ilə bağlı fikirlərini səsləndirib. O bildirib ki, orta məktəblərdə hərbi və fiziki hazırlıq dərslərinə az zaman ayrılır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, orta məktəblərdə çağırışaqədərki hazırlıq müəllimlərinə diqqət xeyli azalıb.

O qeyd etdi ki, bu barədə müəllimlər davamlı şəkildə müraciətlərində ona məlumat verirlər:

"Mən də onların müraciətlərini Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general Fərid Seyidovla görüşlərimdə - ötən il həm may, həm də dekabr ayında iki dəfə görüşümüz olub - onun diqqətinə çatdırmışam ki, hərbi və fiziki hazırlıq dərslərinə xüsusi diqqət ayrılmalıdır. 

Hazırda bu dərsi tədris edən müəllimlərin əksəriyyəti mən hesab edirəm ki, peşəkar olsalar da, aralarında təsadüfi şəxslər də var. Onların hansı xətt üzrə, necə təyin olunduğu aydın deyil. Elə şəxslər var ki, bəlkə də hərbi sahə ilə yaxından heç tanış olmayıb. Bununla yanaşı, peşəkar müəllimlər də kifayət qədərdir. Ümumilikdə isə müharibə təcrübəsi olan bir ölkədə hərbi və fiziki hazırlıq dərslərinə daha çox keçmiş zabitlərin, hərbçilərin cəlb olunması məqsədəuyğun olardı. Çünki onlar həm hərbi xidmətin incəliklərini bilirlər, həm də gələcək nəsli ölkənin müdafiəsi və təhlükəsizliyi üçün hazırlayırlar".

Müsahibimiz əlavə etdi ki, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərir və bu qurum güc strukturları ilə birlikdə bütün məktəbləri təlim silahları və əyani vəsaitlərlə təmin edə bilər:

"Lakin bu istiqamətdə işlər hələ də axsayır, demək olar ki, yerində sayır. Mən bu məsələni bir neçə dəfə millət vəkillərinin, o cümlədən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvlərinin diqqətinə çatdırmışam. Təəssüf ki, məsələ yalnız ara-sıra səsləndirilir və bununla da yekunlaşır".

Polkovnikin fikrincə, çağırışaqədər hərbi hazırlıq müəllimlərinin həyəcan siqnalı ən yüksək səviyyədə Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə eşidilməlidir.

"Bir daha vurğulamaq istəyirəm ki, orta məktəblərdə hərbi və fiziki hazırlıq dərslərinə geniş diqqət ayrılmalı, hazırlıq işləri məhz məktəb mərhələsində gücləndirilməlidir. Əks halda, 11-ci sinfi bitirib hərbi xidmətə gələn gənclər bəzən elementar hərbi biliklərə malik olmur, sıra hazırlığında və fiziki hazırlıqda zəiflik göstərirlər. Bu isə ciddi problemlər yaradır. Bu baxımdan sizdən xahiş edirəm ki, media qurumu olaraq bu məsələni gündəmdə saxlayasınız. Çünki bu, dövlət əhəmiyyətli məsələdir və ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin maraqlarını əhatə edir. Dünyada və regionda baş verən prosesləri nəzərə alaraq, gənclərimizin hərtərəfli hərbi və fiziki hazırlığının təmin edilməsi olduqca vacibdir", - deyə Ü.Cəfərov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
redaktor.az

2Mənbələr