ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb və görüşdə Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsi ilə bağlı kəskin etiraz ifadə olunub.
XİN sənəddə yer alan, Azərbaycanın ünvanına səsləndirilmiş əsassız və qərəzli müddəaları qəti şəkildə pisləyərək qarşı tərəfə etiraz notası təqdim edib. Bildirilib ki, qətnamədə əks olunan iddialar reallığı təhrif edir və dövlətlərin suverenliyi ilə ərazi bütövlüyünə hörmət prinsiplərinə ziddir. Eyni zamanda bu cür yanaşmaların Azərbaycan–Avropa İttifaqı münasibətlərinə və regionda normallaşma prosesinə mənfi təsir göstərdiyi vurğulanıb.
Milli Məclis də Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verib. Milli Məclisin qəbul etdiyi qərar Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı mövqenin institusional səviyyədə ifadəsi kimi dəyərləndirilir.
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi reaksiya tamamilə yerindədir. Çünki Avropa Parlamenti hər dəfə fürsət düşdükcə Azərbaycanın əleyhinə qətnamələr qəbul edir, ölkəmizin uğurlarını görməzdən gəlir. Bu isə, əlbəttə ki, düzgün yanaşma deyil. Bu müddət ərzində Azərbaycanın haqq işinə qarşı bu cür münasibət Ermənistanın belə bəzən sərgiləmədiyi mövqedən daha sərt bir yanaşma formalaşdırıb.
“Bu, Azərbaycanda istər-istəməz ciddi narazılıq doğuran məsələ idi. Onsuz da Azərbaycan parlamenti ilə Avropa Parlamenti arasında münasibətlər uzun müddətdir ki, faktiki olaraq zəifləmişdi. Bildiyimə görə, artıq bir müddətdir ki, qeyri-rəsmi səviyyədə də əlaqələr demək olar ki, dayanmış vəziyyətdə idi.
İndi isə bu vəziyyət rəsmiləşdirildi — yəni Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi və eyni zamanda Avropa İttifaqının ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona müvafiq nota təqdim olundu. Bu, olduqca yerində bir addım kimi qiymətləndirilir”, — deyə politoloq bildirib.
O vurğulayıb ki, Avropa Parlamentinin qəbul etdiyi qərarlara cavab olaraq atılan bu addım və XİN-in reaksiyası da tamamilə adekvatdır. Görünür və təəssüf hissi ilə qeyd olunur ki, Avropa Parlamentində təmsil olunan deputatların bir hissəsi müxtəlif təsir qruplarının, o cümlədən erməni diasporunun təsiri altında fəaliyyət göstərir.
“Son dövrlərdə buna bənzər hallar digər beynəlxalq strukturlarda da müşahidə olunur. Məsələn, ötən günlərdə səhv etmirəmsə, Luis Moreno Ocampo ilə bağlı belə bir iddia səsləndi ki, bu şəxs erməni diasporunun konkret tapşırıqlarını yerinə yetirir. Daha sonra Josep Borrell – Avropa Komissiyasının xarici əlaqələr üzrə keçmiş ali nümayəndəsi – vəzifəsini tərk etdikdən sonra belə ermənipərəst mövqe sərgiləməkdə ittiham olunurdu. Eyni zamanda NATO-nun keçmiş baş katibi Anders Fogh Rasmussen-in anti-Azərbaycan ritorikası və ermənilərin xoşuna gəlmək üçün fəaliyyət göstərdiyi iddiaları da səsləndirilir”, — deyən Zeynal Əmrəliyev bildirib ki, bu cür yanaşmalar beynəlxalq münasibətlərdə qərəzli təsəvvürlərin formalaşmasına səbəb olur.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.