AZ

Luis Okamponun qaranlıq keçmişi: Ofşar hesablar, liviya skandalı və siyasi sifarişlər TƏHLİL

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 may, AZƏRTAC

Adı zaman-zaman yerli və dünya mətbuatında müxtəlif qalmaqallarla hallanan Luis Moreno Okamponun keçmişi əslində qaranlıq maliyyə əməliyyatları və etik pozuntularla zəngindir. Onun müstəqil təhqiqat qrupları tərəfindən ifşa olunan fəaliyyəti hüquqşünas adından daha çox, qeyri-şəffaf şəbəkələrin maraqlarına xidmət edən bir fiqur portretini cızır. Okamponun "insan haqları" pərdəsi altında təqdim etdiyi hesabatların arxasında duran real motivlər beynəlxalq mediada sənədləşdirilmiş korrupsiya faktları ilə birbaşa əlaqəlidir. Bu səbəbdən onun fəaliyyətinə hüquqi müstəvidə deyil, hibrid müharibə aləti və lobbiçilik fəaliyyəti kontekstində baxmaq zəruridir.

Ofşar şəbəkələr və maliyyə İfşası: "The Ocampo Affair"

Luis Moreno Okamponun fəaliyyətindəki qanunazidd məqamlar 2017-ci ildə Avropa İstintaq Əməkdaşlığı (EIC) tərəfindən ortaya çıxarılıb. Sənədlər sübut edir ki, o, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru kimi fəaliyyət göstərdiyi dövrdə (2003–2012) maliyyə aktivlərini rəsmi bəyan etməyərək Panama qeydiyyatlı "Yemana Trading" və Britaniyanın Virgin adalarında yerləşən "Tain Bay" adlı gizli ofşar şirkətləri idarə edib. Okamponun İsveçrənin "Crédit Agricole" bankındakı gizli hesabları vasitəsilə vəsait köçürmələri həyata keçirməsi BCM-nin prokurorlar üçün müəyyən etdiyi "Roma Statutu"nun etik davranış və müstəqillik kodeksinə birbaşa ziddir. Təhqiqat materialları göstərir ki, o, vəzifədən getdikdən cəmi iki ay sonra ofşar hesablarına 3 milyon dollardan çox vəsait daxil olub ki, bu da onun prokurorluq dövründəki fəaliyyətinin şəffaflığını ciddi şübhə altına qoyur.

Peşə etikasına xəyanət: Liviya skandalı və Hassan Tatanaki

Okamponun vəzifə nüfuzundan şəxsi qazanc üçün istifadə etməsi liviyalı milyarder Hassan Tatanaki ilə əməkdaşlığında tam çılpaqlığı ilə ifşa olunub. 2015-ci ildə Liviya ilə bağlı BCM təhqiqatlarının davam etdiyi kritik bir dövrdə Okampo Tatanaki ilə illik 1 milyon dollar maaş və gündəlik 5.000 dollar məsləhət haqqı müqabilində müqavilə imzalayıb. Sızdırılan mail yazışmaları sübut edir ki, Okampo keçmiş vəzifə nüfuzundan və məhkəmə daxilindəki əlaqələrindən istifadə edərək Tatanakini və onun tabeliyindəki hərbi birləşmələri hüquqi təqiblərdən qorumaq üçün strategiyalar hazırlayıb. O, müştərisinə BCM-nin mümkün hərəkətləri barədə daxili məlumatlar sızdırıb ki, bu da beynəlxalq hüquq ictimaiyyətində "ədalətin satılması" və ağır maraqlar toqquşması kimi sənədləşdirilib.

Jozef Borrell ilə əlaqələr və diplomatik təzyiq mexanizmləri

Okamponun fəaliyyəti Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Jozef Borrellin apardığı birtərəfli diplomatiya ilə sinxron şəkildə inkişaf edir. Belə ki, Okampo Borrell və onun əhatəsindəki bəzi rəsmi şəxslərin adından və nüfuzundan istifadə edərək Avropa Parlamentində Azərbaycanla enerji və strateji əməkdaşlıq sazişlərini pozmağa yönəlmiş qeyri-qanuni təzyiq qrupları formalaşdırıb. Borrellin regiondakı reallıqlara baxmayaraq, Ermənistana Avropa Sülh Fondu vasitəsilə birtərəfli hərbi-maliyyə dəstəyi verməsi və Azərbaycanın suveren addımlarını sanksiyalarla hədələməsi Okamponun "hüquqi" hesabatları ilə eyni mərkəzdən idarə olunan hibrid hücumun tərkib hissəsi kimi görünür. Bu əməkdaşlıq beynəlxalq hüquq prinsiplərini Ermənistanın revanşist maraqlarına xidmət edən siyasi alətə çevirib.

Siyasi sifarişlər və "Soyqırımı" narativinin ifşası

Okamponun son dövrlərdə Azərbaycan əleyhinə apardığı kampaniya onun erməni lobbi qrupları ilə sıx maliyyə və siyasi bağlarına əsaslanan sifarişli fəaliyyətdir. Onun 2023-cü ildə hazırladığı "soyqırımı" hesabatı beynəlxalq hüquq müstəvisində ağır tənqidlərə məruz qalıb. Tanınmış beynəlxalq hüquq eksperti Rodney Dixon Okamponun hesabatını metodoloji cəhətdən qüsurlu, faktiki sübutlardan məhrum və birtərəfli adlandıraraq rədd edib.

Müxbir - Elmir Səftərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
azertag.az

3Mənbələr