Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Səudiyyə Ərəbistanı çempionatında 30-cu turun mərkəzi oyununda lider “Əl-Nəssr” “Əl-Əhli”ni qəbul etdi. Gözlənildiyi kimi, oyun gərgin atmosferdə baş tutdu. Heyətində Mahrez, Touni, Kessye, Merih Dəmiral, Ferlan Mendi kimi ulduzlar olan “Əl-Əhli” bu qarşılaşmaya Asiya Çempionlar Liqasının ikiqat qalibi statusunda çıxmışdı. Bu kollektiv ötən həftə ardıcıl ikinci dəfə Asiyanın ən güclüsü adını qazanmışdı. Amma çempionatda Mattias Yasslenin komandası çətin durumda idi və bu oyun çempionluq mübarizəsini davam etdirə bilmək üçün faktiki son şans idi. Qonaqların bütün cəhdlərinə baxmayaraq, xal qazanmaq mümkün olmadı. “Əl-Nəssr” üçün qələbənin əsasını 76-cı dəqiqədə fərqlənən Kriştiano Ronaldo qoydu. Portuqaliyalı superulduz karyerasının 970-ci, bu mövsüm isə çempionatda 25-ci qolunu vurdu. O, bombardirlər yarışında 3-cü pillədədi. Yekun nəticəni 90-cı dəqiqədə Koman müəyyənləşdirdi. Jorje Jezuşun komandası çox ciddi maneəni itkisiz başa vuraraq çempionluq yolunda mühüm bir addım atdı. Sona 4 tur qalmış “Əl-Nəssr” 1 oyun az keçirən ən yaxın rəqibi “Əl-Hilal” ilə xal fərqini 8-ə çatdırdı.“Əl-Nəssr” bu mövsüm tarixinin 11-ci, Ronaldonun dönəmində isə 1-ci çempionluğunu qazana bilər. Ər-Riyad təmsilçisi sonuncu dəfə 2018/19-da ölkənin ən güclüsü olub. Matçın sonlarında, necə deyərlər, ara qarışdı, məzhəb itdi. Hər şey yan xəttin yaxınlığında Komanın Merih Dəmirala qarşı hədsiz sərt oyunundan sonra başladı. Maraqlıdı ki, hakim bu epizodda yalnız sarı vərəqə ilə kifayətləndi. Final fitindən sonra isə Türkiyə yığmasının üzvü fransalı futbolçunun üzərinə hücum çəkdi. Merihi həmin anlarda çətinliklə sakitləşdirmək mümkün oldu. Bundan başqa, digər futbolçular arasında da gərginlik yaşandı və oyun bu cür ab-havada yeklunlaşdı. “Əl-Nəsrr”li futbolçular və tribunadakı fanatlar Merihi mümkün qədər qıcıqlandırmağa çalışdılar. Tanınmış müdafiəçi isə buna cavab olaraq fanatlara Asiya Çempionlar Liqasının medalını göstərdi! Hirsi soyumayan Merih stadiondan çıxarkən də sakit durmadı. O, jurnalistlərin və fotoreportyorların yanından keçərkən Komanın zərbəsindən sonra ayağının son durumunu göstərdi və bunları dedi:
“Ayağımın durumuna özünüz baxın. Ayağım az qala qırılacaqdı! Bu ölkədə hər kəs “Əl-Nəssr”in çempionluğuna yardım edir. Hamı onların kuboku qaldırmasını istəyir. Bu, utandırıcı bir durumdu. Əlhəmdülillah, “Əl-Əhli” başqalarının köməyi olmadan qələbələr qazanır”.
Bu sözlərinə görə cəza alması gündəmdə olan 28 yaşlı futbolçu bu olayı sosial şəbəkədə də davam etdirməyi lazım bildi. O, “Əl-Nəssr” fanatlarına medalını göstərdiyi anın şəkillərini “iks”də paylaşaraq “ilk dəfə onların stadionunda ÇL medalı var” sözünü yazdı. Maraqlıdı ki, buna bənzər olay Ronaldo ilə “Əl-Əhli” fanatları arasında da yaşandı. “Qızıl top”un beşqat qalibi oyundan sonra miks-zonada müsahibə verərkən fanatlar əlləri ilə “iki” rəqəmini göstərərək onu sancmağa çalışdılar. Ronaldo isə onlara cavab olaraq “5” rəqəmini göstərdi və Avropada Çempionlar Liqasının beşqat qalibi olduğuna işarə vurdu. Ünlü futbolçu bu titullardan birini “Mançester Yunayted”in, dördünü “Real”ın heyətində qazanıb. Asiyada hələ ki bu uğuru yaşamaq mümkün olmayıb. Ancaq “Əl-Nəssr” qitədə səviyyəcə ikinci turnir olan və bir növ Avropa Liqasını xatırladan “Asiya ÇL 2” adlı turniri hələ qazana bilər. Komanda finala yüksəlib və mayın 17-də həlledici oyunda Yaponiya təmsilçisi “Qamba Osaka” ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.