
Dünyanın ən böyük texnologiya şirkətləri – “Amazon”, “Alphabet”, “Microsoft” və “Meta” 2026-cı ildə süni intellekt sahəsinə rekord həddə pul yatırmağa hazırlaşır.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, proqnozlara görə, bu şirkətlərin ümumi xərcləri 725 milyard dollara çata bilər.
“Tesla” şirkətinin planları da əlavə edildikdə, ümumi məbləğin 750 milyard dollara qədər yüksələcəyi gözlənilir. Bu isə ötən illə müqayisədə iki dəfədən çox artım deməkdir.
Bu böyük büdcə əsasən süni intellekt infrastrukturu üçün nəzərdə tutulub. Buraya superkompüterlər, güclü serverlər və məlumat mərkəzlərində istifadə olunan xüsusi çiplər daxildir. Bu texnologiyalar hazırda bütün süni intellekt sistemlərinin əsasını təşkil edir.
Bildirilir ki, “Alphabet” və “Microsoft”un hər biri xərclərini 190 milyard dollara qədər artıracaq. “Meta” büdcəsini 145 milyard dollara yüksəldib. “Amazon” isə 200 milyard dollarla liderdir. Bu, ABŞ-də son 10 ilin ən böyük illik sərmayələrindən biri sayılır. “Tesla” xərclərini 25 milyard dollara qədər artırıb.
“Tesla” bu vəsaiti əsasən özünüidarəetmə texnologiyaları, humanoid robotlar və öz çiplərinin hazırlanmasına yönəldəcək.
Şirkətlərin çoxu yaxşı maliyyə nəticələri açıqlasa da, investorların reaksiyası fərqli olub. “Alphabet” səhmləri yüksəlib. “Amazon”, “Microsoft” və “Meta”nın səhmləri isə düşüb. Xüsusilə “Meta”nın səhmləri 10% azalıb.
Bu göstərir ki, investorlar artıq yalnız gəlirə deyil, süni intellektə yatırılan böyük pulların gələcəkdə necə qazanc gətirəcəyinə diqqət edir.
Qeyd olunur ki, şirkətlər “hesablama çatışmazlığı” yaşayır. Yəni, süni intellektə tələbat mövcud texniki imkanları üstələyir.
Şirkətlər böyük müqavilələr bağlasa da, resurs çatışmazlığı səbəbindən onları yerinə yetirmək çətinləşir. Müştərilər məlumat mərkəzlərində yer tapmaq üçün növbəyə durur. Ən böyük problemlərdən biri isə “Nvidia” tərəfindən istehsal olunan çiplərin çatışmazlığıdır.
Böyük investisiyalara baxmayaraq, bazarda narahatlıq artır. Əsas sual belədir: bu qədər böyük xərclər gələcəkdə qazanca çevriləcəkmi?
Süni intellekt bazarı böyük müştərilərdən, məsələn “OpenAI” kimi şirkətlərdən çox asılıdır. Lakin bəzi məlumatlara görə, bu şirkətlər gözlənilən gəlir artımına tam nail ola bilməyib.
Bu qeyri-müəyyənlik bazarda da özünü göstərir. “Oracle” və “SoftBank” kimi şirkətlərin, eləcə də çip istehsalçıları – “Nvidia” və AMD-nin səhmləri aşağı düşüb.