Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib.
APA xəbər verir ki, forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel müzakirələr baş tutub.
Açılış mərasimində çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişdiyini bildirib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov genişzolaqlı internetin informasiya əlçatanlığını artırdığını, süni intellektin isə məlumatların emalını asanlaşdırdığını qeyd edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə məktəblərin 63 faizinin internetə çıxışı olduğunu və bu göstəricinin artırılacağını bildirib.
Daha sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan panel sessiya təşkil olunub. Sessiyada bildirilib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə aparılan islahatların davamıdır və WUF13-ün ölkədə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Vurğulanıb ki, artan çağırışlar medianın daha fəal və məsuliyyətli iştirakını zəruri edir.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov bildirib ki, 800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Fariz Hüseynli isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə məhv edilib, 114 abidə isə ciddi zərər görüb.
“Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” panelində çıxış edən Ayla Həsənova-Məmmədova rəqəmsal təhlükəsizliyin təhsil kurikulumuna inteqrasiya olunduğunu bildirib. Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi ilə 11 qurumun məşğul olduğunu və zərərli məzmunla mübarizənin vacibliyini qeyd edib. Esmira Qasımova isə sosial platformalarda istifadəçilərin kiberbullinqə məruz qala bildiyini vurğulayıb. Ümumilikdə bildirilib ki, media informasiya təhlükəsizliyində həm maarifləndirici, həm də qoruyucu rol oynayır.
“Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panelində rəqəmsal inkişafın media sektoruna təsiri, süni intellektin yaratdığı imkanlar və dezinformasiya riskləri müzakirə olunub. Qeyd edilib ki, media nümayəndələrinin innovativ alətlərdən etik və effektiv istifadə etməsi, texnoloji yeniliklərə uyğunlaşması və informasiya etibarlılığını qoruması xüsusi əhəmiyyət daşıyır.