AZ

Kayseri Universitetinin rektoru: WUF13 dayanıqlı urbanizasiya və turizmin brendinqində yeni mərhələdir

Ankara, 1 may, AZƏRTAC

BMT-nin urbanizasiya üzrə ən nüfuzlu tədbirlərindən birinin - Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının dost və qardaş Azərbaycanda təşkil edilməsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyətə malikdir.

Bu barədə Türkiyənin Kayseri Universitetinin rektoru və turizm idarəetməsi professoru Kurtulmuş Karamustafa AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və “Bakı şəhərinin Baş planı - 2040”ın həyata keçirilməsi üçün atılan addımlar WUF13-ü dayanıqlı urbanizasiyanın, mütərəqqi inkişafın və şəhərsalma tendensiyalarının idarə olunmasında göstərilən səylər üçün “qlobal laboratoriyaya” çevirir.

Türkiyə universitetinin rektoru rəhbərlik etdiyi ali təhsil ocağının WUF13 ilə bağlı mövqeyini - şəhərsalma üzrə hərtərəfli təhlil və strateji tövsiyələri əsas bölmələrdə ümumiləşdirib.

"Çoxsəviyyəli dayanıqlılıq və 2040-cı il üçün Bakının inkişaf vizyonu" adlı birinci tövsiyə eynilə Azərbaycan hakimiyyətinin bu məsələyə Bakının inkişaf səylərində yanaşdığı bir vaxtda qarşıdan gələn forumun əsasını təşkil edən “şəhərlərin dayanıqlığı” ideyasının iqlim dəyişikliyindən kənara çıxan çoxölçülü bir vizyona çevrilməli olduğunu irəli sürür. Professor K. Karamustafa vurğulayıb ki, “Bakının Baş planı”nda əks olunan məqsədlər, yəni şəhərlərin polisentrik inkişaf modeli, yaşıl məkanların genişləndirilməsi və “2040-cı ilə qədər olan dövr üçün davamlı iqtisadi inkişaf” WUF13 üçün konkret başlanğıc nöqtəsi rolunu oynayır. Onun sözlərinə görə, inteqrasiya olunmuş təhlükəsizlik mövzusu, yəni, kibertəhlükəsizlik təhdidləri də daxil olmaqla risklərdən qorunan şəhər infrastrukturunun inkişafı eyni dərəcədə vacibdir.

Bundan əlavə, resursların idarə olunmasına strateji yanaşma - enerji və rəqəmsal infrastrukturun “ağıllı şəhərlər” vizyonu ilə sıx inteqrasiyası da zəruridir.

Kayseri Universiteti mütəxəssisləri tərəfindən “Turizm və şəhər brendinqi. Meqa-tədbirlərin irsi” başlığı altında ümumiləşdirilmiş başqa bir tövsiyə WUF13-ün əhəmiyyətli nəticələrindən birinin Bakının “Davamlı inkişaf və mədəni innovasiya” mərkəzi kimi qlobal imicinin gücləndirilməsi ola biləcəyini göstərir. “COP29 bu baxımdan sanballı bir mərhələ idi və WUF13 bu imici gücləndirəcək, turizm məkanlarına təkan verəcək”, - deyə o əmin edib.

Kayseri Universitetinin rektoru daha sonra diqqəti Azərbaycan hakimiyyətinin WUF13-ə hazırlıq məqsədilə atdığı addımlara çəkib: “Tədbirlə əlaqədar yaradılan yeni nəqliyyat marşrutları “meqa-tədbir yorğunluğu”na (“ağ fil sindromu”) səbəb olmadan Bakının uzunmüddətli turizm infrastrukturuna inteqrasiya olunmalıdır”.

Rektor Azərbaycan paytaxtında keçiriləcək qarşıdakı forumun biznes turizmi sənayesinə verəcəyi təkanın aktuallığını da qeyd edib.

Bu kontekstdə strateji təşəbbüslərdən biri Azərbaycanda Beynəlxalq Tədqiqat Mərkəzinin yaradılması ola bilər. “WUF13-ün elmi və sənaye irsi üçün uzunmüddətli təmələ çevrilməsini təmin etmək məqsədilə türk dövlətləri tərəfindən təşəbbüsü irəli sürülən, lakin dünyanın bütün ölkələrinə xidmət göstərən Beynəlxalq Turizm, Şəhər Dayanıqlılığı və Meqa-Tədbirlər Tədqiqatı Mərkəzinin Bakıda yaradılması əhəmiyyətli bir addım olardı”, - deyə professor K. Karamustafa bildirib.

Rektor qeyd edib ki, bu mərkəz vahid fonddan maliyyələşdirilməli və hər il şəhər dayanıqlığı, turizmdə rəqəmsallaşma və ya böyük tədbirlərin idarə olunması kimi konkret mövzular üzrə dərin tədqiqatlar aparmalı, eləcə də onların nəticələrini qlobal ictimaiyyətlə bölüşməlidir.

Universitet rəhbəri, həmçinin “Turizmdə təhsil və marketinq” sahəsini aktual məsələ kimi xarakterizə edib: “Bakıdakı Beynəlxalq Mərkəz üçün əsas fəaliyyət sahələrindən biri “Turizmdə təhsil”, “Təyinat yerlərinin idarə edilməsi” və “Turizm marketinqi” ola bilər. Bu, “Bakı 2040” vizyonunu dəstəkləmək üçün elmi infrastruktur yaradacaq və Azərbaycan paytaxtının qlobal brend imicinin təşviqini elmi məlumatlarla möhkəmləndirəcək”.

Kayseri Universitetinin rektoru onu da qeyd edib ki, Türkiyənin turizm marketinqi, habelə şəhərlərin simasının dəyişilməsi və təyinat yerlərinin idarə olunması sahəsində geniş təcrübəsi yuxarıda adı çəkilən mərkəzin yaradılması üçün “təlimat” və məlumat mənbəyi kimi xidmət edə bilər. Rektor hesab edir ki, Bakıdakı beynəlxalq mərkəz toplanmış təcrübəni Türk dünyası hüdudlarından çox kənara yayan regional “məlumat mübadiləsi mərkəzi” kimi fəaliyyət göstərə bilər”.

Kayseri Universitetinin “Kövrək tarazlıq: risklər və dayanıqlı inkişafın paradoksu” adlı tövsiyəsində “ifrat turist axını” prosesinə nəzarət edilməsi nəzərdə tutulur. “Yerli əhalinin sosial həyat keyfiyyətini qoruyarkən, turizmin tarixi mərkəz olan İçərişəhərə təsirini minimuma endirmək vacibdir”, - deyə o bildirib.

Professor K. Karamustafa WUF13 iştirakçılarının nümayiş etdirdiyi ətraf mühit həssaslığının “forumun mesajlarının etibarlılığının göstəricisi” olacağı qənaətindədir.

O, həmçinin diqqəti Türkiyənin zəlzələdən sonra şəhərlərin bərpası təcrübəsinə və “Bakı – 2040” inkişaf proqramının məqsədləri işığında araşdırıla bilən “ağıllı şəhər” konsepsiyasının tətbiqinə çəkib. O əlavə edib: “İki qardaş ölkə arasında şəhər diplomatiyası birgə məlumat banklarının yaradılması yolu ilə də ifadə edilə bilər. Türkiyənin dayanıqlı turizm prinsipləri Azərbaycanın turizm sektoru üçün bir bələdçi rolunu oynaya bilər”.

“WUF13 Bakının qədim ruhunu gələcəyə dair vizyon ilə birləşdirmək üçün bir fürsətdir. Bu forumun uğuru beynəlxalq tədqiqat mərkəzlərinin yaradılması, birgə maliyyələşdirilən layihələr və dayanıqlı turizm təhsili siyasəti vasitəsilə nəzəri tezisləri və qiymətləndirmələri ölçülə bilən sosial rifaha çevirmək qabiliyyətindən asılı olacaq”, - deyə Kayseri Universitetinin rektoru sözlərini yekunlaşdırıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
7
50
azertag.az

10Mənbələr