Analitik: “Cərəyan edən geosiyasi proseslər və yeni dialoq mühiti Cənubi Qafqaz regionun obrazını sözün əsl mənasında yeniləməkdədir”
ABŞ-nin Türkiyədəki səfiri Tom Barak Ermənistan və Türkiyə arasında son dövrdə atılan addımları müsbət qiymətləndirib. Musavat.com-un məlumatına görə, amerikalı diplomat bu addımların “iki ölkənin iqtisadiyyatları və xalqları arasında əlaqələrin bərpasına yönəldiyini” bildirib.ABŞ səfiri sosial şəbəkədə paylaşımında qeyd edib ki, regionda yeni geosiyasi reallıq formalaşır: “Bir-biri ilə əlaqəli və sülhə əsaslanan yeni Cənubi Qafqaz yaranır. Bu, ABŞ prezidenti Donald Trampın bölgədə sabitlik və rifahın təmin olunmasına dair yanaşması ilə üst-üstə düşür”. ABŞ səfiri Ermənistan və Türkiyə rəsmilərinin Qars şəhərində keçirilən görüşünü də mühüm hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, həmin görüşdə Gümrü - Qars dəmir yolunun bərpası və yenidən istismara verilməsi məqsədilə birgə işçi qrupun yaradılması barədə qərar qəbul olunub.
Məlumata görə, aprelin 28-də məhz bu istiqamətdə Ermənistan - Türkiyə birgə işçi qrupunun növbəti toplantısı baş tutub. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər Gümrü - Qars dəmir yolunun qısa müddətdə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Bu addımın regionda nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Göründüyü kimi, Bakı və İrəvan arasındakı son təmaslar fonunda Ankara - İrəvan münasibətlərində də dinamika var. Bu təfərrüatlar hansı perspektivlərdən xəbər verir? Bu gedişat Zəngəzur dəhlizi üçün nə vəd edir?
Siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Musavat.com-a açıqlamasında bildirib ki, Cənubi Qafqaz regionu öz tarixi inkişafının keyfiyyətcə tamam yeni mərhələsinə qədəm qoyub: “Nəzərə almaq lazımdır ki, region tarixən özünün yüksək münaqişə potensialı ilə səciyyələnib. Lakin 2020-ci ildə Azərbaycan dövlətinin iradəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin strateji baxışları sayəsində Cənubi Qafqaz regionunda tamam yeni geosiyasi konfiqurasiya və təhlükəsizlik mühiti formalaşıb. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar da məhz birbaşa yeni geosiyasi reallıqların təsirinin nəticəsi kimi qiymətləndirilməlidir. Belə ki, Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən asılıdır. Bu baxımdan, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində müşahidə olunan hərəkətlilik həm də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin geosiyasi indikatoru kimi qəbulu oluna bilər. Azərbaycan dövlətinin iradəsi ilə başladılan sülh gündəliyi sistemli şəkildə irəli aparılmaqdadır. Müvafiq olaraq, sülhün yaxşı perspektivləri artıq öz ifadəsini Türkiyə-Ermənistan danışıqlarında da tapmaqdadır. Həqiqətən də, ABŞ-nin Ankaradakı səfiri Tpm Barakın dediyi kimi, yeni bir Cənubi Qafqaz regionu formalaşmaqdadır”. E.Mirbəşiroğlu qeyd etdi ki, artıq bunun həm geosiyasi, həm də geoiqtisadi əlamətləri aydın müşahidə olunur: “Regionda etibarlı sülhün və təhlükəsizlik arxitekturasının formalaşmasının əsas drayveri rolunda kommunikasiyaların açılması çıxış edir. Türkiyə ilə Ermənistan arasında ilkin olaraq kommunikasiyaların bərpa olunması istiqamətində təmasların qurulması, müzakirələrin aparılması bunu bir daha dəqiq sübut edir”. Analitik vurğuladı ki, Azərbaycanın iradəsi ilə regionda yeni vəziyyət yaranıb və bu prosesdən faydalanmaq istəkləri aydın müşahidə olunur: “Belə ki, artıq 2021-ci ilin dekabrında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini irəli aparmaq üçün hər tərəfdən xüsusi nümayəndələr təyin olunub və 2022-ci ildə quru sərhəddini üçüncü ölkələrin vətəndaşları, həmçinin, diplomatik paspost sahiblərinin keçməsinin prinsipcə mümkünlüyü haqqında razılığa gəlinib. Xatırlatmaq istərdik ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə, Türkiyə-Ermənistan sərhədlərinin açılacağının mümkünlüyünü vurğulayıb. Bugünkü proseslər bir daha sübut edir ki, artıq Türkiyədə Azərbaycan-Ermənistan danışıqlarının müsbət nəticələnəcəyinə inam formalaşmaqdadır”.
E.Mirbəşiroğlu bildirdi ki, səfir Tom Barakın bir-birilə əlaqəli sülhə əsaslanan yeni Cənubi Qafqaz formalaşdığını səsləndirməsi də özündə məhz bu məna yükünü daşıyır: “Yəni Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesi Türkiyə-Ermənistan münasibətlərini xarakterini təyin edir. Bir əsrdən artıq regionda mühüm əlaqələndirici bənd rolunda çıxış edən Qars-Gümrü dərmiryolu xəttinin 33 ildən sonra yenidən reabilitasiyası böyük bir coğrafiya üçün həqiqi mühüm tarixi hadisə olacaq. Ermənistanda da artıq dərk olunur ki, Türkiyə-Ermənistan əlaqələrinin kəsilməsini şərtləndirən 1993-cü ildəki davranışlar bir daha təkrar oluna bilməz. Regionda vaxtilə destruktiv siyasətinin ağır nəticələrini Ermənistanda artıq etməyə başlayıblar. Bu, bütün region üçün mühüm dəyişiklikdir. Aprel ayının 28-də Türkiyə və Ermənistan nümayəndələrinin Qarsda baş tutan görüş çərçivəsində Qars-Gümrü dəmiryolu xəttinin açılmasının vacibliyinin birgə ifadə olunması həm də ona dəlalət edir ki, 2021-ci ildə start götürmüş Türkiyə-Ermənistan normallaşması prosesi özünün yeni mərhələsinə keçir. Həm Türkiyə, həm də Ermənistan XİN-i Qasdakı görüşdən sonra bəyanatında bildirilir ki, Qars - Gümrü dəmir yolunun qısa zaman kəsiyində istifadəyə verilməsinin vacibliyi qeyd olunub. Artıq qeyd etdiyimiz kimi, Qarsda Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü və iki ölkə arasında kommunikasiyaların açılmasının vacibliyinin ifadə olunması bütövlükdə Cənubi Qafqaz regionunun yeni geosiyasi reallıqlarının konturlarını indidən görməyə imkan verir. Yəni, bu görüşün və baş tutan danışıqların xarakteri dir daha sübut edir ki, regionda sülh prosesi özünün məntiqi nəticəsinə yaxındır və bu reallıq Türkiyə tərəfindən də qiymətləndirilir”.
Siyasi analitik digər mühüm məqamlara da diqqət yetirməyi lazım bilir: “Ayrıca olaraq, prosesin iştirakçıları üç əsas hədəfə doğru getməyi qətiləşdiriblər: Birincisi, regionda siyasi sabitlik; ikincisi, regional təhlükəsizlik sisteminin ilkin elementlərinin formalaşdırılması; üçüncüsü, regionda iqtisadi inteqrasiya imkanlarının formalaşdırılması. Bu hədəflər üzvü şəkildə biri-birilərini dəqiqlə şərtləndirirlər və tamamlayırlar. Belə ki, regionda siyasi sabitliyinin əldə olunması regional təhlükəsizlik sisteminin qurulması üçün etibarlı zəmin deməkdir. Bu, iki amilin fonunda regional kommunikasiyaların açılmasının qarşısında isə hər hansı bir maneə qalmır. Regional kommunikasiyaların açılması isə artıq böyük və strateji əhəmiyyətli bir coğrafiyada iqtisadi inteqrasiyanı şərtləndirəcək. Bununla yanaşı, hesab edirik ki, müasir reallıq fonunda Ermənistan Qars-Gümrü dəmir yolunun açılmasının özü üçün siyasi və iqtisadi töhfələrini gördükdən sonra, bu yolunun bir daha bağlanmaması üçün əlindən gələni edəcək. Çünki, Qars-Gümrü dəmir yolu Ermənistan üçün Qərbə açılan strateji qapı rolunu oynayacaq. Orta Asiyadan gələn yolların Tiflis - Gümrü - Qars istiqamətində keçməsi perspektivləri də ayrıca olaraq cəlbedicidir. Ümumilikdə, hesab edirik ki, Qars - Gümrü dəmir yolunun açılması istiqamətində tərəflərin real istək və iradə nümayiş etdirməsi regionda barış və sülh perspektivləri haqqında təsəvvürləri ciddi şəkildə gücləndirir. Xəttin açılması Zəngəzur dəhlizin reallaşdırılmasına və bötövlükdə Cənubi Qafqazın nəqliyyat-logistika xəritəsinə ciddi təsir göstərə bilər. Yeni logistika imkanlarının yaradılması regionun ümumi iqtisadiyyatında olduqca mühüm rol oynayacaq”.
Ekspert prosesdə Azərbaycanın mühüm rolunu, aparıcı missiyasını xüsusilə vurğuladı: “Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi regionda mövcud olan və potensial nəqliyyat - logistika xəttlərinin vacib komponentinə çevrilmək perspektivlərinə malikdir. Bu, Azərbaycanın regional nəqliyyat - logistika mərkəzi qismində statusunu və rolunu yüksəltməyə xidmət edəcək. Bundan başqa, Bakı-Gümrü - Qars mümkün nəqliyyat xətti istiqamətində transxəzər dəhlizinin diversifikasiya imkanları da kifayət real görünür. Beləliklə, cərəyan edən geosiyasi proseslər və yeni dialoq mühiti Cənubi Qafqaz regionun obrazını sözün əsl mənasında yeniləməkdədir”.
Elşad Paşasoy,
Musavat.com